SƏNAYE

06 Noyabr

Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ikinci ölkə olub

Azərbaycan 2020-ci ilin yanvar-avqust aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 7 milyard 525,19 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 24,5% çoxdur.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

Avqust ayında Türkiyəyə 986,37 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 29,4%-ni təşkil edib (2019-cu ilin avqust ayı ilə müqayisədə artım 34,21%). 

Azərbaycan avqust ayında Türkiyəyə qaz ixracının həcminə görə ikici yerdə qərarlaşıb. Birinci yerdə Rusiya (40,84%), üçüncü yerdə İran (12,11%), dördüncü yerdə Əlcəzair (10,98%) qərarlaşıb.

Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub və iyul ayınadək liderlyini qoruyub.

Avqust ayında Türkiyəyə 3 milyard 354,75 milyon kubmetr qaz (2019-cu ilin avqust ayı ilə müqayisədə artım 6,56%) ixrac edilib. 2 milyard 762,84 milyon kubmetr boru kəməri qazının (ixracın 82,4%-i, 2019-cu ilin avqust ayı ilə müqayisədə artım 17,7%), 591,9 milyon kubmetr (17,6%, azalma 26,1%) isə LNG-nin payına düşüb.

2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.

Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

(c)interfax Azərbaycan