SƏNAYE

06 Noyabr

SOCAR Ukraynada zərərlə işləyən 5 ədəd yanacaqdoldurma kompleksini satıb

“SOCAR Energy Ukraine” şirkəti 2020-ci ildə Ukraynanın Nikolayev vilayətində zərərlə işləyən 5 ədəd yanacaqdoldurma kompleksini satıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov deyib.

“Cari ildə biz 5 ədəd yanacaqdoldurma kompleksi satmışıq, ancaq bu, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantinlə bağlı olmayıb. Bu komplekslər Nikolayev vilayətindəki trasda yerləşirdi və zərərlə çalışırdı. Biz bu yanacaqdoldurma komplekslərinə müxtəlif çeşid variantları, yeni məhsullar əlavə etsək də, onlar qeyri-rentabelli idilər. Biz iki ilə yaxın müddətdə bu komplekslərin satışı və ya icarəyə verilməsi məsələsi ilə məşğul olmuşuq”, - deyə Orlov Ukrayna mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yanacaqdoldurma kompleksləri “BRSM-Nafta” şirkətinə satılıb.

Direktor, həmçinin qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən cari ilin yazında Ukraynada tətbiq olunmuş karantin tədbirləri şirkətin yanacaq satışı və gəlirlərinin azalmasına gətirib çıxarıb.

O əlavə edib ki, yayda ölkədə karantin tədbirlərinin aradan qaldırılması ilə yanacaq satışı ilə bağlı vəziyyət yaxşılaşıb və şirkət 2019-cu ildə qeydə alınmış həcmlərə çata bilib.

“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib. Hazırda şirkətin Ukraynada 55 ədəd yanacaqdoldurma kompleksi fəaliyyət göstərir

(c)interfax Azerbaijan