Beynəlxalq Enerji Xartiyasının Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyi ilə "Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər" mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu işə başlayıb.
Fins.az xəbər verir ki, onlayn formatda təşkil olunan tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkənin hazırda olan əsas məqsədlərindən biri 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq və istilik effekti yaradan qazların emissiya səviyyəsinin 1990-cı illə müqayisədə 35% azaltmaqdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir onu da qeyd edib ki, Ermənistan neft və qaz borularını vurmaqla, təkcə Azərbaycanı hədələmir, həm də Avropanın enerji təhlükəsizliyini də risk altına atır. İşğalçıların planlarına bununla birlikdə boruları nəzarətə keçirilməsi də daxil idi.
Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.
Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edir.