SƏNAYE

28 Oktyabr

Bu ilin sonundan etibarən Azərbaycan qazı Avropa istehlakçılarına çatdırılacaq

Azərbaycan Respublikası Energetika Nazirliyinin və Beynəlxalq Enerji Xartiyasının birgə təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb. 

Fins.az Energetika Nazirliyinə istinadən  xəbər  ki,
“Enerji istehsalı, nəqliyyat, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusuna həsr edilən Forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak və Avropa Komissiyası Enerji Baş Direktorluğunun Enerji Siyasəti üzrə Direktoru xanım Kristina Lobilla Borrero açılış nitqi ilə çıxış ediblər.
Energetika naziri, Enerji Xartiyası Konfransının sədri Pərviz Şahbazov çıxış edərək, Azərbaycanın aparıcı enerji mərkəzlərindən biri kimi həyata keçirdiyi enerji layihələri, ölkəmizin dünya enerji arxitekturasındakı mühüm rolu barədə danışıb. Bildirilib ki, bu il Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik etməsi ölkəmizin son illərdəki təşəbbüs və nailiyyətlərinin məntiqi nəticəsidir ki, bu təşəbbüs və nailiyyətlərin əhəmiyyətli bir hissəsi enerji sektoru ilə əlaqədardır. Belə ki, Azərbaycan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlinə dair transmilli layihələri ilə bu gün Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verən ölkəyə çevrilib. Növbəti mərhələ kimi "Cənub Qaz Dəhlizi" meqalayihəsi üzərində işlər başa çatdırılıb və bu ilin sonundan etibarən Azərbaycan qazı Avropa istehlakçılarına çatdırılacaq.
Qeyd olunub ki, Azərbaycanın 2020-ci il üçün Enerji Xartiyası Konfransına sədrliyi dövründə nəqliyyat sahəsində, istilik və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılaraq enerji keçidinin sürətləndirilməsi prioritet elan edilib. 
Nazir Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etdiyi dövrdə görülmüş işlər barədə məlumat verib, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Enerji Xartiyası müqaviləsinin modernizasiyası, Enerji İnvestisiya Risk Qiymətləndirməsi, Bakıda keçirilməsi planlaşdırılan növbəti nazirlər konfransına hazırlıq  və digər istiqamətlər üzrə görülən işləri diqqətə çatdırıb.
 Həmçinin forum iştirakçılarına ölkədə energetika sahəsində həyata keçirilən islahatlar, o cümlədən qanunvericilik aktları layihələrinin hazırlanması, institusional dəyişikliklər, icra olunan layihələr barədə məlumat verilib.
Xartiyanın Katibliyinə enerji keçidi məsələlərinə xüsusi diqqət yetirdiyinə görə təşəkkür edən nazir əməkdaşlığın enerji transformasiyası ilə bağlı məsələlərin həllində mühüm rol oynayacağını bildirib.
 Pərviz Şahbazov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Bu ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və strateji obyektlərinin, həmçinin enerji infrastrukturunun Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaq olan şəhər və kəndlərin atəşə tutulması ilə yanaşı, Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını və regionun ən iri elektrik stansiyası olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ballistik raketlərdən atəşə tutulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistanın enerji infrastrukturlarını hədəfə alması ilk dəfə deyil və 2020-ci ilin iyul ayında onlar Qarabağ regionundan uzaqda, Ermənistan və Azərbaycan dövlət sərhədində yerləşən və ərazisindən  Cənub Qaz Dəhlizi keçən Tovuz rayonuna hücum etmiş, Avropanın  enerji təhlükəsizliyi üçün bu mühüm kəmərə təhlükə yaratmışlar. Sonda tərəfdaş ölkələrə Ermənistanın təcavüzünü, xüsusilə də onun strateji beynəlxalq enerji layihələrini hədəf seçməsini pisləmək və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən cinayətkar hərbi hücumlara son qoymaqla bağlı müraciət olunub.
Sonra Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edərək, Energetika Nazirliyinə Bakı Beynəlxalq Enerji Xartiyası Forumunun təşkilinə görə təşəkkür edib. Baş katib bu Forumun Azərbaycan hökumətinin ev sahibliyi etdiyi ikinci Beynəlxalq Enerji Xartiyası Forumu olduğunu xatırladaraq, il ərzində Enerji Xartiyası prosesinə daimi dəstəyinə və rəhbərlik etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Qeyd edib ki, pandemiyaya və onunla bağlı məhdudiyyətlərə baxmayaraq, Enerji Xartiyası müqaviləsinin müasirləşdirilməsi və icmalın nəticələrinin icra edilməsi üzrə mühüm irəliləyişə nail olunub. 
Urban Rusnak, həmçinin ötən 10 il ərzində bərpa olunan enerji texnologiyalarının qlobal enerji balansındakı mühüm rolundan bəhs edib. 
Daha sonra Avropa Komissiyası Enerji Baş Direktorluğunda Enerji Siyasəti üzrə Direktor Kristina Lobilla Borrero çıxış edərək, Forumun təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Avropa İttifaqının bu sahədəki siyasəti barədə ətraflı məlumat verib.
Forum bərpa olunan enerji mənbələrinə dəstək - hüquqi, texniki və maliyyə aspektləri, enerji səmərəliliyinin təşviqi, bu istiqamətdə ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi mövzuları üzrə iki sessiyada işini davam etdirəcək. 
Foruma 40 ölkənin dövlət rəsmiləri, beynəlxalq təşkilatların, enerji şirkətlərinin,  araşdırma mərkəzlərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri olmaqla ümumilikdə 190-a yaxın iştirakçı qatılıb.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar 2018-ci ildə qəbul olunub.