SƏNAYE

09 İyun

Dünyada mebel bazarının VƏZİYYƏTİ

COVID-19 pandemiyasının sənayenin bir çox sahələrinə mənfi təsiri şəksizdir.

Bu sahələr arasında elələri var ki, təsiri həddən artıq hiss edərək bəlkə də yaxın gələcəkdə bir daha dirçəlməməyə məhkum olublar. Belə sahələrdən biri də mebel sənayesidir. Ümumilikdə mebellər gündəlik tələbat məhsulları hesab olunmur.

Orta hesabla 15-20 ildən bir yenilənən bu məhsulların alışını bir çox hallarda təxirə salmaq, maddi vəziyyətin yaxılaşmasını gözləmək mümkündür. Ona görə də indiki vəziyyətdə orta statistik bir insanın mebellərini yeniləyəcəyi gözlənilən deyil.

Gəlin, mebel sənayesinin pandemiyaya qədərki vəziyyətinə nəzər salaq. Bu baxış həm qlobal, həm də yerli olmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində mebeldən minimal şəkildə istifadə dəb hesab olunur. Bu dəbin, daha doğrusu dizayner üslubunun adı da belədir – minimalizm.

İnsanlar yaşadıqları ərazinin artıq əşyalarla yüklənməməsinə daha çox üstünlük verir, bir zamanların dəbdəbə simvolu olan mebellərdən azad olurlar. Təbii ki, bu o demək deyil ki, mebellərdən istifadə tamamilə yox dərəcəsindədir. Lakin istifadə edilən əşyalar həm həcminə, həm də qiymətinə görə təxminən 40-50 il əvvəlkindən kəskin şəkildə seçilir – daha sadə və praktikdirlər.

Azərbaycana gəlincə, milli mentalitet ailə həyatı quran hər bir qız övladının valideynlərinin alınan mebel üçün azı 10-20 min manat xərc çəkmələrini tələb edir. Bu proses ölkəmizdə daha çox kreditlə və ya toydan yığılan pullarla tənzimlənir.

Nəzərə alsaq ki, üç aydır ölkəmizdə toy mərasimləri keçirilmir, o zaman mebellərin satışının və istehsalının hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Pandemiyadan sonra ölkəmizdə toyların, müvafiq olaraq da mebel satışının bərpa olunacağını gözləmək realdır. Amma bu vəziyyətdə insanların bahalı əşyalara üz tutmayacağı da böyük ehtimaldır. Əhali çox güman ki, daha çox yerli istehsala üstünlük verəcək. Lakin dünyada mebel sənayesində vəziyyətin o qədər də dəyişməyəcəyi də realdır.

Tuncay Türbəndəzadə