SƏNAYE

06 May

Neft qiymətləri niyə qalxır?- VÜQAR BAYRAMOV AÇIQLAYIR

İqtisadçı deputat Vüqar Bayramov son günlər neftin dünya bazarında qiymətinin bahalaşmasına münasibət bildirib. 

Fins.az xəbər verir ki, millət vəkili bildirib ki, neftin dünyada bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib: “Bu gün “Brent” markalı neftin 1 barreli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlər ilə bağlıdır. Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliliyini” bildirib. Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. 

ABŞ və Avropa Birliyi iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa “qara qızıl”a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.