SOCAR işçilərinin evdən işləməsi kütləvi hal almayıb və bu onların məzuniyyətə buraxılması demək deyil.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, "SOCAR Tower"də işçilər açıq ofis - ümumi koridor (open plan office) prinsipi ilə çalışdığından qabaqlayıcı tədbirlər görülür: "İnsanların qapalı şəraitdə çoxlu sayda toplanmaması və yoluxma riskinin azaldılması məqsədi ilə toplantılar, təlimlər, görüşlər, riskli yerlərə ezamiyyətlər məhdudlaşdırılıb.
Eyni zamanda, işçilərimiz binaya həkim nəzarəti altında daxil olurlar. Həkimlər teplovizorlu hərarəti ölçən cihazla təmin olunublar. Burnu axan, hərarəti olan və ya riskli yerlərdən ezamiyyətdən qayıdan işçilərin evdən işləməsinə icazə verilmişdir. Onların evdən işləməsinə nəzarət birbaşa xətti rəhbərlərinə tapşırılmışdır. Yəni məsafədən də olsa, onlar əsas funksiyalarını və səmərəlilik göstəricilərini yerinə yetirməlidirlər. Bu dünyada qəbul olunmuş təcrübədir. İşçilər kompüter vasitəsilə evdən işləyə bilir və öhdələrinə düşən funksiyaları icra edirlər. Biz də elektron sənəd dövriyyəsi sisteminin şirkətimizdə tam tətbiq olunduğunu nəzərə alaraq, ilk dəfə olaraq, lazım olduğu təqdirdə işçilərimizin bir qismi üçün bu imkanı yaratmışıq. Amma bugünkü məlumata görə, işçilərin hamısı iş yerlərindədir, çünki heç kim qaytarılmayıb”.
SOCAR rəsmisi bildirib ki, beləliklə, şirkət işini normal rejimdə davam etdirir: “Bu tədbirlərin təsirindən istehsal göstəricilərində hər hansı dəyişkənlik gözlənilmir.”
Qeyd edək ki, SOCAR ilk dəfə Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında qabaqlayıcı tədbirlər görməyə başladığı barədə martın 3-də məlumat yaymışdı.