SƏNAYE

03 Mart

“Petkim” enerji səmərəliliyi ilə 3,3 mln. ABŞ dollarına qənaət edib

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi - “Petkim Holdinq” 2019-cu ildə həyata keçirdiyi enerji səmərəliliyi layihələri ilə 3,3 mln. ABŞ dollarına qənaət edib.

Fins.az xəbər verir ki, bu barədə “Petkim”in baş direktoru Anar Məmmədov məlumat verib.

A. Məmmədov davamlı gələcək üçün enerji səmərəliliyinə böyük əhəmiyyət verdiklərini bildirib: “2019-cu ildə həyata keçirdiyimiz enerji səmərəliliyi ilə bağlı 23 layihə 3,3 mln. ABŞ dolları məbləğində vəsaitə qənaət etməyimizə imkan yaratdı. Bu layihələrlə enerji xərcləri azaldı və  “Petkim”də istehsalın davamlılığı üçün böyük əhəmiyyət daşıyan enerji təhlükəsizliyi isə artdı”.

A.Məmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə “Petlim Limancılık Ticaret A.Ş.”nin aktivləri əvvəlki ilə nisbətən 7% artıb.

O, 2019-cu ildəki uğurlu fəaliyyətdə rəqəmsallaşma ilə bağlı işlərin də böyük rolu olduğunu deyib. “İl ərzində rəqəmsallaşma ilə bağlı 12 layihə həyata keçirən “Petkim”in bu istiqamətdəki işləri Davosda da uğur gətirdi. “Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil oldu. Sənaye 4.0 standartı sayəsində “Petkim” Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçildi. Başqa mükafat isə Egey dənizi İxracatçı Birlikləri tərəfindən təqdim edildi. “Petkim” 2019-cu ildə 622 mln. ABŞ dolları məbləğində ixracla həm kimya sektoru, həm də bütün sektorlar üzrə Egey bölgəsində ən çox ixrac həyata keçirən şirkət olaraq mükafata layiq görüldü”, - “Petkim”in baş direktoru əlavə edib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 

©Report