SƏNAYE

27 Fevral

Pərviz Şahbazov: 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq

2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq. Bunu energetika naziri Pərviz Şahbazovdeyib.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, P.Şahbazov bu gün Bakıda ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli ilə görüşdə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin gedişini müzakirə edib.

“Cənub Qaz Dəhlizi yekun mərhələyə yaxınlaşır. Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”, - deyə P.Şahbazov bildirib.

Görüşdə Cənub Qaz Dəhlizinin Balkanlara qədər genişləndirilməsi, İAP layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 milyard təşkil edir.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.