Ötən ilin yekunlarına görə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 56,6%-i ABŞ dolları təşkil edib.
Fins.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bunu ARDNF-in icraçı direktoru İsrafil Məmmədov deyib.
Onun sözlərinə görə, ilin yekunlarına görə fondun investisiya portfelinin 31,4% avro, 5,1% ingilis funt sterlinqi, digər hissəsini isə müvafiq olaraq Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu, Koreya vonu, Çin yuanı, yapon yeni və digər valyutalar təşkil edib.
“Portfelin aktivlər üzrə bölgüsündə 68,7% istiqrazlar və pul bazarı alətləri, 14,1% səhmlər, 5,8% daşınmaz əmlak, 11,4% isə qızıla investisiyalar olub”, - deyə İ. Məmmədov qeyd edib.
Kredit reytinqi üzrə bölgüdə aktivlərin 42,8% “AAA” reytinqli alətlərə, digər hissələri isə müvafiq olaraq “AA”, “A”, “BBB” kredit reytinqli alətlərə investisiya edilib. Portfelin yalnız 1,4% qeyri-investisiya dərəcəli alətlərə investisiya edilib.
Hesabat dövrü ARDNF-in İnvestisiya portfelinin 33,8% Avropa, 33,76% Asiya-Sakit Okean regionu, 24,9% Şimali Amerikaya, 2,04% Avstraliya/Yeni Zelandiya, 0,71% Yaxın Şərq, 0,05% Latın Amerikaya investisiya olunub, 4,73% isə beynəlxalq təşkilatlara investisiyalar təşkil edir. Ölkələrin inkişaf səviyyəsinə görə bölgüdə portfelin 63% inkişaf etmiş ölkələr, 32 % inkişaf etməkdə olan ölkələr və 5 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edir, İ. Məmmədov deyib.
Onun sözlərinə görə, 2019-cu il dekabrın 31-nə qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4% (101,2 ton və ya 4,93 mlrd. dollar) təşkil edib. Alınan qızılın 1,77 tonu (81 mln. dollar) “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib.
“Həmçinin qeyd etmək istərdim ki, investisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər”, - deyə İ. Məmmədov əlavə edib