SƏNAYE

27 Fevral

“Azəriqaz”: İstixanalar ayrıca sənaye qaz xətti çəkməlidir

"İstixana sahibi gəlir əldə edən sahibkarlıq subyektidir. O, daha çox gəlir əldə etmək istəyir və çalışır ki, qaz təchizatında fasilə olmasın. Çünki istixanalar əsasən, qış aylarında daha gərgin çalışır. Böyük miqyasda fəaliyyət göstərən istixanalar özlərinin ayrıca sənaye qaz xəttini çəkməlidir".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov “TV Müsavat”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xətt əhali abonentlərinin xəttinin üzərində olmur: “Əgər belə olsa, onlar istədikləri həcmdə qazı ala bilməzlər. Bunların bir-birinə bağlılığı zəifdir”.

C.Səfərov deyib ki, bəzi həyətlərdə, xüsusən də Bakı kəndlərində belə hallar müşahidə olunur: “Bakı kəndlərindəki həyətlərdə xırda istixanalar var və onlar da qanunsuz olaraq əhali xətlərinə birləşirlər. Bu halda artıq qaz itkisi yaranır. Misal üçün, normalda bu qaz kəməri bir küçənin 50 abonentinə xidmət etməlidir, ancaq bura 5 yerdən qanunsuz qoşulma olduqda, o halda həmin 50 abonent qazı normal təzyiqdə ala bilmir. Qanunsuz qoşulma halları çoxdur. Abonentlər qonşusunun ona veriləcək qazın qanunsuz yolla mənimsəməsindən şikayətlənirlər. Bu qoşulmalar da pərakəndə olduğu üçün kənara və havaya xeyli həcmdə qaz atılır. Bu da itirilmiş qaz olduğundan “Azəriqaz”a da sərfəli deyil”.

“Azəriqaz” rəsmisi bildirib ki, qurum kəmərdə qazın təzyiqinin normal şəkildə qalmasını və qaz təchizatını tələbata uyğun doldurmaq istəsə də, bu qaz başqasına görə yoxa çıxır: “Bununla bağlı mübarizədə də zəifliyimiz var. Çünki biz təkik və insanların həyətinə baxmaq səlahiyyətimiz yoxdur, insanların mülkiyyətinə müdaxilə edə bilmərik. Bu halda müvafiq qurumlar tərəfindən “Azəriqaz”a kömək lazımdır”.

“Azəriqaz” rəsmisi abonentlərə belə hallara yol verməmələri üçün müraciət edib: “Tələbimiz odur ki, bu hallara yol verməsinlər. Qaz dövlətin və xalqımızın sərvətidir və onu belə sərf etmək olmaz. Rayonlarda və bölgələrdə belə hallar daha azdır”.

O xatırladıb ki, 2019-cu ildə Azərbaycanda 42 mindən çox qanunsuz qoşulma halı aşkar edilib: “Bunun 2 199-u rayonlar və bölgələr üzrə, qalanı isə Bakı kəndlərinin payına düşüb”