SƏNAYE

26 Fevral

Ekspert: “Azərbaycan Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir”

"Cənub Qaz Dəhlizi layihəsinin Avropa ölkələri üçün geosiyasi əhəmiyyəti böyükdür".

Bunu  Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov bildirib.

O xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsinin yekun fazasının bitməsinə az qalmış Avropa Komissiyası rəsmiləri bu layihə vasitəsilə nəql edilən təbii qazın həcminin artırılmasında maraqlı olduqlarını dilə gətiriblər. 

“Ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrinin uzun illər yürütdüyü təbii qaz idxalının diversifikasiyası siyasətinin və Xəzər dənizi hövzəsində yerləşən enerji mənbələrinə girişin əldə edilməsi istiqamətində yürütdüyü uzunmüddətli siyasətin məhsuludur. Avropa ölkələri üçün bu layihənin geosiyasi əhəmiyyəti daha böyükdür. Uzun illərdir Avropanın enerji bazarında Rusiyanın enerji mənbələrindən artan asılılığı bu ölkənin təsirinin regionda güclənməsinə gətirib çıxarıb. Hazırda Avropa ölkələrinin (əsasən Şərqi və Mərkəzi Avropa) enerji idxalının 40%-i Rusiyanın payına düşür. Bu minvalla etibarlı alternativ enerji mənbələrinin hesabına enerji ehtiyacının ödənilməsi birbaşa olaraq Aİ-nin enerji təhlükəsizliyi siyasətinin bir parçasına çevrilib”, - ekspert qeyd edib.

 

Fuad Şahbazov

Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov:

"Azərbaycan özünün zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir".

 

 

 

 

 

 

 

 

 

O bildirib ki, bu səbəbdən Azərbaycan özünün zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir. Bundan başqa, ekspert qeyd edib ki, Xəzər dənizi vasitəsilə ölkənin Türkmənistanla həmsərhəd olması yaxın gələcəkdə bu ölkənin də təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına daşınmasına imkan yaradır (Trans-Xəzər boru kəməri). O məlumat verib ki, bu məsələnin Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 28 fevralda Bakıda keçiriləcək VI görüşü çərçivəsində də müzakirəsi nəzərdə tutulub.

F.Şahbazov xatırladıb ki, “Cənubi Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin 2020-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin tam icrası üçün 181 mln. ABŞ dolları dəyərində əlavə investisiya edəcəyi gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub  Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqli nəzərdə tutulur.

“Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.