SƏNAYE

25 Fevral

Ekspert: “İtaliya şirkətləri ilə imzalanan sənədlər xüsusi səciyyəvi xarakter daşıyır"

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı ümumilikdə 17 sənəd imzalanıb. Bunlardan 4-ü enerji sahəsini əhatə edib.

Bunu  Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu sənədlər arasında enerji sahəsi xüsusilə seçilib: “Çünki praktik əhəmiyyət daşıyan sahələr içərisində enerji daha cəlbedicidir və bundan sonrakı mərhələlərdə Azərbaycanla İtaliya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını daha da ortaya qoymuş olur”.

Ekspert deyir ki, imzalanan sənədlərə baxanda, alternativ energetikanın inkişafından tutmuş, qaz şirkətləri, əsasən "Snam" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq, nəqliyyat sektorunda təmiz enerjinin tətbiqi kimi sahələrdə əməkdaşlıq mövcuddur ki, bu da məhz XXI əsrin çağırışlarıdır: “Yəni bu kağız üzərində qalan layihələr deyil, onların gerçəkləşdirilməsinin daha yüksək inamı olan sənədlərdir. Bunun üçün də Azərbaycan Prezidentinin səfəri zamanı onun özünün məhz İtaliya şirkətləri ilə görüşlərində səsləndirdiyi fikirlər, imzalanan sənədlər xüsusi səciyyəvi xarakter daşıyır. Deyərdim ki, bu sənədlər iki hissədən ibarət idi. Birincisi budur ki, 2020-ci ildə Azərbaycan öz təbii qazını İtaliya bazarına çatdırır. Yəni biz ilk dəfə olaraq İtaliya bazarına alternativ mənbədən boru kəməri ilə qaz nəql edirik. Bu təbii qaz da Azərbaycan qazıdır. Yəni, biz özümüzü sizə tanıdırıq və “elçi daş”ınızın üstünə gəlmişiik”.

 

 

İ. Şabanın fikrincə, ikinci məsələ ondan ibarətdir ki, bundan sonra orta perspektiv üçün İtaliya-Azərbaycan münasibətlərini necə görürük: “Orta perspektiv üçün məhz enerji sahəsində olan əməkdaşlığı göstərmək olar. Düzdür, Prezidentin orada bir çağırışı vardı ki, indiyə qədər Azərbaycan neft ölkəsi olub, böyük həcmlərdə neft ixrac edib və bundan xeyli gəlir əldə etmişik. Bu gəlirin də böyük bir hissəsi qeyri-neft sektoruna xərclənib. İndi də qeyri-neft sektorumuzu, iqtisadiyyatımızı şaxələndiririk və bu şaxələndirmədə İtaliya şirkətləri də iştirak edə bilərlər. Çünki İtaliya Avropanın inkişaf etmiş ölkələrindən biridir və bu, özünü qeyri-neft sektorunda göstərir. Bu, diplomatikcəsinə xüsusi vurğulanan səpki idi”.

Mərkəz rəhbəri düşünür ki, Azərbaycan və İtaliya hərbi əməkdaşlıqdan tutmuş, iqtisadiyyatın bütün sahələrində əməkdaşlığa hazırdır: “Bununla belə, hazırda Azərbaycanda ən real hədəf SOCAR xarici bazarlara Gürcüstandan başlayıb, Türkiyəyə keçib, digər ölkələrdə də sadəcə qaz ixracatçısı deyil, həm də qazın digər seqmentlərində bizneslə məşğul olmaq istəyir. "Snam" şirkəti ilə imzalanan saziş buna yol açan sənəddir. Digər tərəfdən bu sənədlərdən biri də SOCAR və "Snam"ın törəməsi olan “Cubogas” şirkəti arasında avtonəqliyyatda təmiz enerjinin tətbiqinin həyata keçirilməsidir”.

 

İlham Şaban

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban:

"Şəxsi nəqliyyatın tədricən təmiz enerjiyə keçməsi üçün təşviqat aparmaq lazımdır".

 

 

 

 

 

 

 

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabinetinin 73 saylı qərarı ilə 2022-cu ilin yanvarın 1-dən Bakı şəhərində bütün ictimai nəqliyyat yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadəyə keçməlidir: “Hələlik paytaxtda məhdud sayda avtobuslar CNG-dən istifadə edirlər. Ancaq Bakıda çoxlu sayda avtobuslar benzin və dizellə çalışır. Bu tarixə qədər qalan müddət ərzində böyük işlər görülməlidir ki, bütün avtobuslar CNG-yə keçsin. Bunun üçün xüsusi infrastruktur, yanacaqdoldurma məntəqələri şəbəkələri də olmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi xəbərə görə, bu gün paytaxtın ekologiyasını sənaye obyektləri deyil, 80 faizdən çoxunu nəqliyyat vasitələri çirkləndirir. Bu çirklənmənin də qarşısını almaq üçün təkcə ictimai nəqliyyatın CNG-yə keçməsi kifayət etmir. Bu gün Bakıda 700-800 min ədəd avtomobil var. Bu avtobuslar isə mövcud avtomobillərin kiçik bir hissəsidir. Deməli, kommersiya nəqliyyatı, daha sonra isə şəxsi nəqliyyatın da tədricən təmiz enerjiyə keçməsinə təşviqat aparmaq lazımdır”.

İ. Şaban qeyd edib ki, bu gün Türkiyədə avtomobil nəqliyyatının 70 faizə yaxın hissəsi sıxılmış təbii qazla işləyir: “Bu nəqliyyat vasitələrinin atmosferə atdığı tullantılar benzinlə müqayisədə 2 dəfədən çox aşağı miqdardadır. Dizellə müqayisədə isə bu rəqəm 3 dəfə aşağıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 19-22 fevral tarixlərində İtaliyada dövlət səfərində olub. Səfər çərçivəsində imzalanan sənədlər arasına SOCAR-la "Snam" arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş də daxildir. Sazişə görə, biometan, hidrogen və dayanıqlı nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri, habelə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə bioqazın nəqlinə dair imkanlar araşdırılacaq.

Azərbaycan Energetika Nazirliyi ilə İtaliya İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu,  Azərbaycan  Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu,  “Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu da enerji ilə bağlı imzalanan sənədlərə aiddir.