SƏNAYE

24 Fevral

“AzerGold” 2021-ci ildə Azərbaycanın qərbində 2 qızıl yatağı istismara verəcək

"AzerGold" QSC 2021-ci ildə Daşkəsən rayonunda "Ağyoxuş" və "Mərəh" sahələrini istismara verməyi planlaşdırır. Bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib.

“2021-ci ildə "Çovdar" yatağının cinahları, yəni "Ağyoxuş" və "Mərəh" sahələri istismara veriləcək. "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl hesablanıb. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, "Mərəh" sahəsinin ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. “Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək”, - deyə Z.İbrahimov əlavə edib.

Onun sözlərinə görə, şirkət cari ilin II yarısında Göygöl rayonunda yerləşən "Tülallar" yatağında da bir sıra tədqiqat işlərini başa çatdırmağı planlaşdırır.

“Yatağın potensial resursları500min unsiya qızıl olaraq qiymətləndirilir. Onun şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il də davam etdiriləcək: “Tülallar" sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq”, - deyə Z.İbrahimov bildirib.

Onun sözlərinə görə, 2019-cu il ərzində bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparılıb. Cari ildə əlavə 50 min metrədək dərinlikdə buruq-qazma işlərinin aparılması nəzərdə tutulub. Aparılan kəşfiyyat işləri nəticəsində cəmiyyətin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən 20 dəfədən çox artırılıb. Həmin ehtiyyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir. Lakin, hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsini planlaşdırırıq”, - deyə sədr vurğulayıb.

O, həmçinin qeyd edib ki, 2025-ci ildən etibarən yataqların bir neçə dəfə artması proqnozlaşdırılır:

"2019-cu ildə“AzerGold” 59,2min unsiya qızılın ixracından 141,9 milyon manat,110,9min unsiya gümüşün ixracından 3 milyon manatdan çox gəlir əldə edib. 2018-ci illə müqayisədə qızılın satışında 33%, gümüşün satışında isə 47% artım olub”, - deyə Z.İbrahimov əlavə edib.

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində yalnız “Çovdar” yatağından həyata keçirir.