SƏNAYE

24 Fevral

Ekspert: “SOCAR Azərbaycanı dünya gəlirlərinin bölüşdürülməsində pay sahibi edir”

Azərbaycan ölkə daxilində müxtəlif sahələrə sərmayə qoymaqla yanaşı, xarici ölkələrdə də çoxmilyardlı investiya layihələri reallaşdırır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu məsələyə prioritet istiqamət kimi baxır və indiki müasir dünyada böyük investor statusu qazanıb.

Ümumiyyətlə, SOCAR-ın xarici sərmayələri Azərbaycan üçün hansı perspektivlər yaradır?

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov bildirib ki, SOCAR-ın xarici ölkələrdəki yatırımları sayəsində milli iqtisadiyyatın sərhədləri xeyli genişlənib.

“Azərbaycanın investisiya idxalatçısı statusundan sərmayə ixracatçısına çevrilməsi ölkəni dünya gəlirlərinin bölüşdürülməsində pay sahibi edir. Bu cür missiyanı ancaq iri biznes subyekt edə bilər və onlardan biri də SOCAR-dır. Şirkət məhz bu istiqamətdə çox uğurlu çıxış edir. Bu gün qürürla deyə bilərik ki, SOCAR mahiyyət etibarı ilə transmilli şirkətə çevrilib”, - ekspert diqqətə çatdırıb.

Onun sözlərinə görə, SOCAR faktiki olaraq illər ərzində neft-qaz hasilatından və satışından əldə etdiyi gəlirləri akumulyasiya edərək, həm ölkə daxilində qeyri-neft sənayesinin inkişafına, həm də ölkə xaricində müxtəlif layihələrə sərmayə qoyur.

M.Bərxudarov xüsusi vurğulayıb ki, indi Azərbaycanın inzibati-coğrafi sərhədlərinin hüdudlarından kənarda ikinci iqtisadiyyatı formalaşır: "Yəni SOCAR-ın xarici ölkələrdəki sərmayələri sayəsində milli iqtisadiyyatın sərhədləri genişlənir. Bu, nəticə etibarı ilə Azərbaycanın iqtisadi qüdrətinin artması və davamlı inkişafın təmin olunması deməkdir”.