SƏNAYE

24 Fevral

"AzerGold" bu il qızıl və gümüş istehsalını artıracaq

"AzerGold" QSC ötən il 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib.

Bunu "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21,3%, gümüş hasilatında isə 33,2% artım qeydə alınıb.

"Ötən ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10,4% artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib. Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırılıb, halbuki faktiki 17,9% artıq olmaqla 103 min unsiya gümüşün istehsalına nail olmuşuq. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri Çovdar mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir", - deyə Z.  İbrahimov qeyd edib.

Sədr onu da əlavə etdi ki, QSC-nin ötənilki ixrac əməliyyatları da çox uğurlu olub. Belə ki, "AzerGold" tərəfindən 2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 mln. manat, gümüşün satışından isə 3 mln. manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 mln. manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair QSC-nın hədəfi 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür.

"İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirdi. Sevindirici haldır ki, bu göstəriciyə məhz "AzerGold" QSC-nin hesabına nail olunub. Belə ki, ixrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilmişdir. Beləliklə, QSC ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb", - deyə Z.  İbrahimov bildirib.

O həmçinin əlavə edib ki, ümumilikdə, "AzerGold" QSC 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 mln. manata yaxın həcmdə vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 mln. manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

(c)APA