SƏNAYE

21 Fevral

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir”

“İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur”.

Fins.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından onun şərəfinə verilən dövlət ziyafətində deyib.

Azərbaycan Prezidenti bildirib ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.

“Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

©Apa