SƏNAYE

18 Dekabr

Azərbaycanda qızıl hasilatı 10,5% artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 553,2 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,5% çoxdur. Fins.az məlumat verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat .

Noyabrda respublikada 442 kq qızıl hasil olunub.

Hasil edilən qızıl emala göndərilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 31,7% azdır.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.