SƏNAYE

17 Dekabr

“SOCAR-Petrofac” BP ilə müqavilə imzalayıb

“SOCAR-Petrofac” birgə müəssisəsi (SPC) BP-nin Azərbaycan və Gürcüstanda həyata keçirdiyi əməliyyatları dəstəkləmək məqsədilə layihə menecmenti xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb.

Fins.az şxəbər verir ki, bu barədə SOCAR məlumat yayımlayıb.Məlumatda bildirilir ki,  3 il müddətinə bağlanmış müqavilə Xəzər dənizində BP-nin əməliyyatçı olduğu layihələrdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” blokunun, “Şahdəniz” yatağının, Bakı-Tbilisi-Ceyhan, Cənub Qafqaz Boru Kəməri və Qərb İxrac Kəməri layihələri çərçivəsndə quru və dəniz əməliyyatlarının dəstəklənməsini nəzərdə tutur.

“Petrofac” şirkətinin Şərq Mühəndislik, Tədarük və Tikinti bölməsinin idarəedici direktoru Mani Racapati deyib: “Biz əsas tərəfdaşımız SOCAR-la birlikdə regionda xidmət təkliflərimizi genişləndirməkdə davam edirik. On beş ildən artıqdır Azərbaycanda çalışan “Petrofac” burada ixtisasartırma imkanları yaradır, ölkənin neft və neft-kimya sənayesində xidmətlər göstərir. Bu, bizim beynəlxalq fəaliyyətimizin güclənməsinə zəmin yaradır. Biz əvvəl də regionda BP ilə əməkdaşlıq etmişik və bu şirkətin Azərbaycanda və Gürcüstanda həyata keçirdiyi əhəmiyyətli layihələrə təhlükəsiz, etibarlı və effektiv dəstək verməyə hazırıq”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib: “Biz “Petrofac” ilə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənməkdə davam edir. Birgə müəssisə özündə bizim müvafiq təcrübəmizi, yerli biliklərimizi və dərin potensialımızı birləşdirir. Çox şadam ki, dünyada neft və qaz hasilatının əsas qədim məskənlərindən olan Xəzər regionunda BP ilə əməkdaşlıq istiqamətində belə bir müqavilə imzalanıb”.