RƏSMİ

21 Oktyabr

Azərbaycan və Qazaxıstan şəhərləri arasında qardaşlaşma protokolu imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında protokol imzalanıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qazaxlar üçün xüsusilə doğma səslənən Azərbaycan şəhərinin tarixi haqqında danışıb.

Səfir bildirib ki, Qazax — Gürcüstan və Ermənistan sərhədlərinə yaxın ərazidə yerləşən, Azərbaycanın mənzərəli şəhərlərindən biridir. Biz onun adının etimologiyası ilə bağlı araşdırma apardıq və maraqlı məlumatlara rast gəldik. XVI əsrin əvvəllərində Azərbaycan-fars hökmdarı Şah İsmayıl, Məhəmməd xan Şeybani ilə düşmən münasibətində idi. Məhəmməd Şeybani Qazax xanı Kasımın xalası oğlu olduğuna görə, Kasım ona kömək məqsədilə qoşun göndərib. Şah İsmayıl döyüş zamanı əsir düşən qazax igidlərini Qafqaza göndərib. O vaxtdan etibarən qazax bahadırlarının yerləşdirildiyi bu ərazi həmin adla tanınmağa başlayıb.”

Alim Bayel qeyd edib ki, bu gün Azərbaycanın şimal-qərbində Qazax rayonu və Qazax şəhəri mövcuddur.

“Qazax rayonunda hələ də antropoloji baxımından qazaxlara çox bənzəyən insanlara rast gəlmək mümkündür. Azərbaycanın ilk hərbi pilotu Fərrux Ağa Qayıbovun şəklinə baxmaq kifayətdir. Qazax rayonu Azərbaycanın tək bölgəsidir ki, burada qurut hazırlanır. Oranın sakinləri mərdliyi ilə seçilir. Bundan əlavə, burada atları çox sevirlər və aşıqlara böyük ehtiram bəsləyirlər,” – deyə səfir vurğulayıb.

O əlavə edib ki, biz qərara gəldik ki, Qazaxın məhz qədim Taraz şəhəri ilə qardaşlaşma münasibətlərinin qurulması doğru olardı. Çünki Taraz XV əsrdə Qazax xanlığının qurulduğu ərazidə yerləşir. Bu simvolik addım qardaş xalqlarımızı daha da möhkəm birləşdirəcək.

Səfir qeyd edib ki, Azərbaycanda ortaq tarixə işarə edən çoxlu toponimlər mövcuddur.

"Məsələn, Qıpçaq və Cəlayir adlarını daşıyan yaşayış məntəqələri, həmçinin Saklarla bağlı adlar var. Beləliklə, müasir strateji əməkdaşlığımız və qardaşlıq münasibətlərimiz çox möhkəm tarixi təməllər üzərində qurulub. Hesab edirəm ki, tarixçilərimiz peşəkar diqqətini bu maraqlı qədim səhifələrin öyrənilməsinə yönəltməlidirlər,” – deyə o əlavə edib.

Fuad Mədətov
Finss.az