RƏSMİ

21 Oktyabr

2026-cı il üçün dövlət büdcəsi kəsiri üzrə proqnozlar açıqlanıb

2026-cı ildə Azərbaycanın dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,3%, 2029-cu ildə isə 2% səviyyəsində proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün büdcə kəsirinin yuxarı həddi 3 094,6 milyon manat, növbəti illərdə isə müvafiq olaraq 3 127,5 milyon, 3 558 milyon və 3 230,2 milyon manat proqnozlaşdırılır.

Büdcə kəsirinin maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, həmçinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. Müəyyən prioritet sahələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb olunması prosesi artıq başlanıb. Bu səbəbdən, imzalanacaq borc sazişləri çərçivəsində cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasına gətirib çıxaracaq.

Həmçinin, icmal büdcə kəsiri 2026-cı ildə 3 870 milyon manat, 2029-cu ildə isə 1 759,9 milyon manat səviyyəsinə düşəcəyi gözlənilir.