RƏSMİ

17 İyul

Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığı: Yeni mərhələyə doğru

Finss.az - Azərbaycan və Türkmənistan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə müşayiət olunur. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirir ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri Azərbaycan –Türkmənistan strateji münasibətlərində yeni mərhələnin əsasını qoyur. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında baş tutan görüşlər həm siyasi, həm də iqtisadi və humanitar əməkdaşlığın strukturlaşdırılması və davamlılığının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

V. Cəfərova qeyd edir ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi münasibətlər enerji, nəqliyyat və ticarət sahələrində güclənməkdədir. Türkmənistanın əsas ixrac məhsulu olan təbii qaz və neft məhsulları ilə yanaşı, kimya və tekstil sənayesində də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində əməkdaşlıq sahəsində transxəzər enerji layihələri və Xəzərin hüquqi statusuna dair razılaşmalar Azərbaycan və Türkmənistan arasında enerji diplomatiyasının əsas sütunlarındandır. Türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması potensialı müzakirə olunmaqdadır. 2021-ci ildə Xəzərin statusuna dair razılaşmalardan sonra iki ölkə arasında “Dostluq” neft yatağının birgə istismarı ilə bağlı mühüm razılaşma əldə edilməklə enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı qoyulub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan və Türkmənistan Orta Dəhliz təşəbbüsündə strateji rol oynayır. Bakı–Türkmənbaşı bərə xətti ilə yüklərin dövriyyəsi son illərdə artmaqdadır. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yükaşırma göstəricilərinə dair statistikası Türkmənistan limanları ilə əlaqəli yükdaşımaların həcmi Azərbaycan–Türkmənistan nəqliyyat əməkdaşlığının sabit və artan dinamikaya malik olduğunu göstərir. 2023-cü ildə Türkmənistan limanlarından Bakı limanı vasitəsilə yükaşırma həcmi 3 milyon ton təşkil edib. 2024-cü ildə isə bu göstərici 12,5% artaraq 3.36 milyon tona çatıb. Bu artım Xəzər dənizində yük dövriyyəsinin bərpası və Orta Dəhliz çərçivəsində multimodal logistika imkanlarının genişlənməsi ilə əlaqələndirilə bilər. 2025-ci ilin ilk rübündə isə artım tendensiyası davam edib və Türkmənistan limanları üzrə yükaşırma həcmi 16,7% artaraq 856.3 min tona yüksəlib. Ümumilikdə isə 2024-cü ildə Türkmənistan limanlarının ümumi yükaşırmadakı payı 44% olub. Bu göstəricilər Azərbaycan və Türkmənistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndiyini və qarşıdakı illərdə ticarət dövriyyəsinin bərpasına müsbət təsir imkanlarını göstərir. Türkmənistanın iştirak etdiyi “Lapis-Lazuli” marşrutu Azərbaycanın dəmir yolu və liman infrastrukturu ilə əlaqələndirilərək Əfqanıstan və Avropa bazarları arasında bağlantını təmin etməyi hədəfləyir. Bu dəhliz vasitəsilə Türkmənistan və Əfqanıstan öz məhsullarının 80%-ə qədərini Avropa bazarına çıxarmağı hədəfləyir.

Azərbaycan–Türkmənistan arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar–may dövründə ümumi 118,5 milyon dollar həcmində olmaqla idxal 99.2 milyon, ixrac isə 19.2 milyon  təşkil edib.  2023-cü ildə Türkmənistana səfər edən Azərbaycan vətəndaşlarının sayı 17.475 nəfər olub, 2024-cü ildə bu göstərici 18.651 nəfərə çataraq 6,7% artıb. 2025-ci ilin yanvar–iyun aylarında isə bu rəqəm 8.875 nəfər təşkil edib və ilin sonuna qədər artımın davam edəcəyi gözlənilir. Azərbaycana səfər edən Türkmənistan vətəndaşlarının sayı 2023-cü ildə 26.010, 2024-cü ildə 33.020 nəfər olmaqla 27%-lik artımı əks etdirib. 2025-ci ilin ilk altı ayında ölkəmizə səfər edən Türkmənistan vətəndaşlarının sayı 15.578 nəfər təşkil edib ki, bu da ilin sonunda göstəricinin yenidən 30 min nəfəri keçəcəyini ehtimal etməyə əsas verir. Türkmənistan vətəndaşlarının Azərbaycana səfərlərində üstünlük müşahidə olunur ki, bu da ölkəmizin təhsil, əmək və turizm imkanlarının cəlbediciliyini göstərir. Ümumilikdə isə artan insan axını humanitar əlaqələrin dərinləşməsinə və strateji tərəfdaşlığın sosial təməl üzərində möhkəmlənməsinə xidmət edir.

TDAM rəhbəri vurğulayır ki, Qurbanqulu Berdiməhəmmədovun Füzuli rayonuna, Şuşa şəhərinə səfəri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış olması Qarabağın yenidən qurulmasında Türkmənistanın həmrəyliyinin nümayişidir. Bu səfər simvolik olmaqla yanaşı, humanitar və siyasi həmrəyliyin konkret ifadəsi kimi qiymətləndirilə bilər. Türkmənistan-Azərbaycan münasibətlərinin mühüm dayaqlarından biri də humanitar əlaqələrdir. Mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq müxtəlif proqram və birgə təşəbbüslərlə genişlənir.Xüsusilə Berdiməhəmmədovun Şuşa şəhərində yerləşən Yeni Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış olması Türkmənistanın Azərbaycanın mədəni irsinin bərpasına verdiyi mənəvi və simvolik dəstəyi ifadə edir.

Səfər zamanı görüşlər nəticəsində əldə olunan razılaşmalar və açıqlamalar bir neçə əsas istiqamət üzrə strateji yol xəritəsini formalaşdırır. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və Xəzər dənizində multimodal logistika mərkəzlərinin yaradılması, enerji əməkdaşlığında yaşıl texnologiyaların inteqrasiyası və alternativ enerji sahəsində birgə layihələr kimi strateji sahələrdə nəaliyyətlərin əldə edilməsi hədəflənir

Beləliklə, Azərbaycan və Türkmənistan arasında mövcud strateji tərəfdaşlıq təkcə siyasi ritorikaya deyil, real iqtisadi və institusional əsaslara söykənir. Ortaq enerji resursları, logistik imkanlar və tarixi-mədəni yaxınlıq bu əlaqələrin dərinləşməsinə təkan verir. Formalaşmaqda olan bu model Azərbaycanın Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı çərçivəsind geoiqtisadi inteqrasiyası üçün əhəmiyyət daşıyır.