RƏSMİ

16 İyul

Tütün məmulatı idxal və istehsal edən sahibkarlıq subyektlərinin Reyestri aparılacaq

Finss.az - Nazirlər Kabinetinin Qərarına əsasən, “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi” təsdiq edilib. Qərarla “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası” da təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün. İqtisadiyyat Nazirliyi, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Qeyd edək ki, Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edən dövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi məqsədilə qeydiyyata alınmış sahibkarlıq subyektləri, eləcə də qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvi barədə məlumatlar əks olunur.

Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.