İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə-görüşünün Kabildə keçirilməsi təklif olunub.
Finss.az xəbər verir ki, bu barədə Əfqanıstanın baş nazirinin müavini Əbdül Qəni Bəradər İƏT 17-ci zirvə-görüşündə etdiyi çıxış zamanı danışıb.
O bildirib ki, Əfqanıstanın coğrafi mövqeyi onu region ölkələri arasında vacib bir körpüyə çevirir və qarşılıqlı faydalı tərəfdaşlıq üçün şərait yaratmış olur.
Çıxışı zamanı Bəradər bildirib ki, Əfqanıstan birgə əməkdaşlığa açıqdır və regional, eləcə də, dost ölkələri Əfqanıstanda həyata keçirilən iqtisadi layihələrdə fəal iştiraka dəvət edir.
Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Asiyada, xüsusilə tranzit və bazar sahələrində əməkdaşlığın genişləndirilməsinə və Əfqanıstan daxil olmaqla, bütün tərəflər üçün bərabər imkanların yaradılmasına yönəlmiş yeni layihələr gerçəkləşdirilir.
O qeyd edib ki, bu layihələr qarşılıqlı etimadın və praktiki əməkdaşlığın, xüsusilə enerji və nəqliyyat sahəsində möhkəmləndirilməsi üçün platforma rolunu oynayır.