Finss.az - Hesablama Palatasının apardığı təhlillər göstərir ki, dövlət satınalmaları sahəsində 2024-cü ilin əvvəlindən qüvvəyə minmiş yeni qanunvericilik bir sıra müsbət təsirlər yaradıb.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, yeni qaydalar şəffaflığı artıraraq satınalmaların səmərəliliyini yüksəldib.
Lakin eyni zamanda, sədr qanunvericiliyin tətbiqi zamanı bəzi çətinliklərin də üzə çıxdığını qeyd edib: “Təhlillər göstərir ki, yeni qanunvericilikdə bəzi məsələlər tam tənzimlənməyib, dövlət satınalmalarından istisna ediləcək hallar dəqiq müəyyən edilməyib. Bundan əlavə, tətbiq edilən əlavə prosedurlar satınalmaların keçirilməsində maneələr yaradır.”
Vüqar Gülməmmədov vurğulayıb ki, hazırda Hesablama Palatası qanunda müşahidə olunan boşluqların aradan qaldırılması üçün müvafiq təkliflər üzərində iş aparır və yaxın günlərdə aidiyyəti qurumlara təqdim ediləcək təkmilləşdirmə paketinin hazırlanması planlaşdırılır.
Bu addımın, həm dövlət vəsaitlərinin daha effektiv idarə olunmasına, həm də satınalma proseslərinin sürətləndirilməsinə töhfə verəcəyi gözlənilir.