Finss.az - 2024-cü il üzrə Vahid Xəzinə Hesabında (VXH) 665 milyon manatlıq uyğunsuzluq aşkarlanıb.
Bu, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” təqdim etdiyi rəyində əks olunub. Rəydə qeyd edilir ki, VXH-də aylar üzrə sərbəst qalığın dəyişimi ilə dövlət büdcəsinin profisiti, defisiti və maliyyələşmə mənbələri arasında ümumilikdə 665 milyon manatlıq uyğunsuzluq müşahidə olunub.
Təhlil göstərib ki, ilin müxtəlif aylarında xəzinə hesabının son qalığı, həmin ayın əvvəlindəki qalıq, dövlət büdcəsinin profisiti və maliyyələşmə mənbələri ilə müqayisədə fərqlənib. Bəzi aylarda fərq 400 milyon manata yaxınlaşıb. Yanvar ayında 465,5 milyon manat, sentyabrda isə 152 milyon manat çatışmazlıq yaranıb. Yalnız dekabr ayında 185,9 milyon manat artıqlıq qeydə alınıb.
Hesablama Palatası qeyd edir ki, bu cür uyğunsuzluqlar normativ-hüquqi bazanın natamamlığı ilə bağlıdır və qanunvericilikdə texniki dəyişikliklərə ciddi ehtiyac olduğunu vurğulayır.