RƏSMİ

28 May

Büdcənin cari xərcləri qeyri-neft gəlirləri ilə qarşılanacaq - Sahil Babayev

Maliyyə naziri Sahil Babayev Azərbaycanın maliyyə sabitliyini qorumaq üçün əsas hədəfi açıqlayıb. O bildirib ki, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan əldə olunan gəlirlərlə təmin edilməsi yaxın illər üçün prioritet istiqamətlərdəndir.

Finss.az xəbər verir ki, bu fikirləri nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir qeyd edib ki, hesabat ilində həyata keçirilmiş 21,3 milyard manatlıq cari xərclərin 90 faizi – yəni 19,2 milyard manatı – məhz qeyri-neft-qaz sektoru üzrə daxilolmalarla maliyyələşdirilib. Onun sözlərinə görə, bu, ölkənin maliyyə dayanıqlığı baxımından mühüm göstəricidir:

“Bu, bizim üçün çox önəmlidir. Gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2024-cü ildə bu göstəricimiz 90 faiz olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 faizinin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq".