RƏSMİ

22 May

Maliyyə Nazirliyində struktur islahatı

Finss.az - Maliyyə naziri Sahil Babayevin təşəbbüsü ilə Maliyyə Nazirliyində genişmiqyaslı struktur islahatlarına start verilib.

İslahatlar çərçivəsində nazirliyin rayonlardakı maliyyə şöbələri ləğv edilərək onların bazasında regional idarələr yaradılıb.

Yeni strukturun ilk nümunəsi kimi, Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə İdarəsi təsis olunub. Qusar şəhərində yerləşəcək bu idarə Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar rayonlarının keçmiş maliyyə şöbələrinin bazasında formalaşdırılıb.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə İdarəsində təşkilati və inzibati işlər həyata keçirilir. Yeni idarənin rəhbərliyinə də artıq ilk təyinat edilib – Kamran Əmirov idarənin rəis əvəzi təyin olunub. Eyni zamanda o, qurumun rəis müavini vəzifəsini də icra edir.

Qeyd edək ki, aparılan islahatların məqsədi maliyyə idarəçiliyinin səmərəliliyinin artırılması, idarələr arasında koordinasiyanın gücləndirilməsi və xidmətlərin mərkəzləşdirilərək optimallaşdırılmasıdır.

Mənbə: Bizim.Media