Finss.az - 2025-ci ilin yanvar-aprel ayları arasında özəlləşdirmə və icarə yolu ilə dövlət büdcəsinə 66,4 milyon manat vəsait ödənilib.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 40,2% artım göstərir. Hesabat dövründə 14 hərrac keçirilib. Bu hərraclarda 4 səhmdar cəmiyyətinin səhmləri, 1 kiçik dövlət müəssisəsi və 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraclarda iştirak edənlərin sayı artaraq, 123 elektron sifariş qəbul edilib və 18 onlayn qoşulma reallaşıb.
Özəlləşdirmədən əldə edilən gəlir bu ilin ilk 4 ayında 51,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% artım göstərir.
Eyni dövrdə 1 444 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 190-ı qeyri-yaşayış obyektləri, 1 254-ü isə torpaq sahələri üzrədir. Bu müqavilələr nəticəsində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat daxil olub və ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.