"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yeni redaksiyada təsdiq edilib.
Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 19,60 manat, dosent və ya fəlsəfə doktoru üçün 14,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 9,60 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 12,50 manat, geyimsiz naturada isə 20,70 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.