RƏSMİ

18 Mart

Reklam haqqında qanunda dəyişikliklər edilib

Finss.az - Bu gün Milli Məclisin iclasında “Reklam haqqında” qanuna təklif edilən yeni dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, reklam daşıyıcılarının əhatə dairəsi genişlənir, və bu, xüsusilə rəqəmsal platformalar və mobil tətbiqləri əhatə edir.

Yeni təklifə görə, dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla, mobil tətbiqlər və rəqəmsal platformalar, eləcə də reklam xarakterli bildirişlər və SMS-lər də reklam daşıyıcısı kimi qəbul ediləcək. Həmçinin, bu sahədə reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslər də bu qanuna daxil ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib və səsverməyə çıxarılıb.

Layihənin başqa bir hissəsi rəqəmsal platformalarda reklamın şərtlərini müəyyənləşdirir. Bu hissəyə əsasən, rəqəmsal platformaların təsisçiləri tərəfindən həyata keçirilən reklam yayımı müəyyən qeyd və işarələrlə müşayiət olunmalıdır. Reklam yayımı "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" kimi qeyd və şərtlərlə göstərilməlidir.

Reklam haqqında qanunda əlavə edilən yeni maddəyə əsasən, istehsalı lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yalnız müvafiq təsdiqləyici sənədlərlə həyata keçirilə bilər. Əgər reklamda bu məlumatları göstərmək mümkün deyilsə, müvafiq lisenziya və sertifikat barədə məlumat verilməli və reklam istehlakçısının bu məlumatlarla tanış olma imkanı yaradılmalıdır.

Bundan əlavə, reklamda göstərilən məlumatlar açıq və başa düşülən şəkildə ifadə edilməlidir. Həmçinin, reklamda göstərilən məlumatlar üçün müvafiq keçidlər və qısa nömrələrdən istifadə oluna bilər, bu zaman məlumatın tamlığına və düzgünlüyünə diqqət yetirilməlidir.

Müzakirələrdən sonra bu dəyişikliklər birinci oxunuşda qəbul edilərək səsverməyə çıxarılıb.