RƏSMİ

17 Mart

Azərbaycanda dövlət büdcəsinin gəlirləri artıb, iqtisadi sabitlik qorunub - Əli Əsədov

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat (icra səviyyəsi 102%), xərcləri isə 37,7 milyard manat (icra səviyyəsi 95%) təşkil edib. Bununla da ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub, inflyasiya aşağı birrəqəmli səviyyədə saxlanılıb.

Finss.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı məlumat verib.

Baş nazirin sözlərinə görə, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması qeyri-neft sektorunda iqtisadi fəallığın artmasına və sahibkarlığın inkişafına töhfə verib. Vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması və dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müxtəlif layihələr həyata keçirilib.

Ə.Əsədov bildirib ki, investisiya təşviqi mexanizmləri əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında ümumilikdə 3,3 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 1,1 milyard manatlıq hissəsi ixrac olunub.