RƏSMİ

04 Mart

Özbəkistan və Azərbaycanın biznes icmaları perspektivli layihələrin təşviqi barədə razılığa gəliblər

Finss.az - Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı ilə 257 müəssisə, o cümlədən 56 müştərək müəssisə və 100 faiz Azərbaycan kapitalı ilə 201 müəssisə fəaliyyət göstərir.

Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, bu barədə nazir Laziz Kudratovla Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev arasında keçirilən görüşdə bildirilib.

Görüşdə şəhərsalma, turizm və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin icrası ilə bağlı məsələlər müzakirə edilib. Tərəflər yeni investisiya layihələrinin dəstəklənməsi üçün qarşıdakı birgə addımlar və iki ölkənin biznes icmaları arasında perspektivli layihələrin təşviqi planları barədə razılığa gəliblər.

Görüşün yekununda cari ilin birinci yarısında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının keçirilməsi ilə bağlı qarşılıqlı tədbirlər də razılaşdırılıb.