Finss.az - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında keyfiyyətə nəzarət sahəsində mühüm dəyişikliklər müzakirə edilib.
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlara ediləcək dəyişikliklər çərçivəsində vahid elektron informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Yeni sistem keyfiyyət infrastrukturu sahəsində akkreditasiya edilmiş qurumlar tərəfindən təqdim edilən hüquqi sənədlərin (sertifikatlar, şəhadətnamələr, bildirişlər və s.) vahid elektron platformada qeydiyyatını və reyestrinin aparılmasını təmin edəcək. Eyni zamanda, bu sənədlərin rəqəmsallaşdırılması və keyfiyyət təminatı sahəsində pərakəndəliyin aradan qaldırılması məqsəd qoyulub.
Sistem dövlət qurumları, sahibkarlıq subyektləri və vətəndaşlar üçün keyfiyyətə nəzarət proseslərini daha şəffaf və əlçatan edəcək. Elektron xidmətlərin tətbiqi prosedurların optimallaşdırılmasına, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsinə şərait yaradacaq. Bu dəyişikliklər xidmətlərin şəffaflığını artırmaqla yanaşı, ümumi idarəetmə proseslərini də sadələşdirəcək.