RƏSMİ

02 Dekabr

GÜNDƏM:Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni vəzifələr verdi, bələdiyyə qaydalarına dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, nazirliyin vəzifələri artırılıb.

Sənədə görə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;

mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak edir;

aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görür;

Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidi üçün tədbirlər görmək;

rəqəmsal və digər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə istifadəçilərin məlumatlılıq səviyyəsini artırmaq, həmin xidmətlər üzrə problemlər, eləcə də xidmətlərdən istifadə məmnunluğu ilə bağlı istifadəçilərdən alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi üçün tədbirlər görmək;

Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;

yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına tabeliyindəki qurum vasitəsilə razılıq vermək;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən etmək;

Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla), dəmiryol nəqliyyatı vasitələrinin, mülki aviasiya hava gəmilərinin və kosmik obyektlərin rəsmi reyestrlərini tabeliyindəki qurumlar vasitəsilə aparmaq;

şəhərdaxili hərəkət (mobillik) planına rəy bildirmək;

fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, habelə onların layihə sənədlərinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə təşkil etmək, fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi, operator və subyektlərin maariflənməsini təşkil etmək;

fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

beynəlxalq və regional təşkilatlarda müvafiq sahədə ölkənin maraqlarının qorunmasını təmin etmək;

radiospektr idarəçiliyinin həyata keçirilməsi ilə bağlı bilavasitə və tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;

genişzolaqlı internetə çıxış imkanının və xidmətlərin keyfiyyətinin artırılması məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək;

Azərbaycan Respublikasının ərazisində yerüstü və peyk rəqəmsal televiziya yayımını aidiyyəti qurumlarla birlikdə inkişaf etdirmək, rəqəmsal radio yayımını təşkil etmək və ən yeni yayım texnologiyalarını təşviq etmək;

dövlət qurumlarına məxsus olan, eləcə də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi istisna olmaqla, ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;

ölkədə preventiv tədbirlərin həyata keçirilməsini təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;

aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş elektron təhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olması) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək;

aidiyyəti dövlət qurumları ilə birlikdə ölkənin efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, eləcə də dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin həmin Qanunun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət qurumları ilə birlikdə yoxlamaq;

dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydalara uyğun olaraq əlaqələndirici qurum funksiyalarını həyata keçirmək;

dövlət–vətəndaş (G2C – government to citizen), dövlət-biznes (G2B – government to business), dövlət–dövlət (G2G – government to government), biznes–dövlət (B2G – business to government), biznes–istehlakçı (B2C – business to consumer) və biznes–biznes (B2B – business to business) xidmətlərinin rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv təşkili, habelə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;

dəmiryol nəqliyyatı ilə daşıma proseslərinin fasiləsizliyinin, təhlükəsizliyinin və keyfiyyətliliyinin təmin edilməsinə dair təkliflər vermək;

dalan dəmir yollarında xidmət qaydalarını müəyyənləşdirmək, həmin qaydalara və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsinə, həmçinin dalan dəmir yoluna malik qurumlarda dəmiryol texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılmasına və sınaqdan keçirilməsinə nəzarət etmək;

lokomotivlərin, yük, sərnişin və baqaj vaqonlarının, motor-vaqonlu hərəkət vasitələrinin, habelə daşımaların yerinə yetirilməsini və dəmiryol nəqliyyatının fəaliyyətini təmin edən digər hərəkət tərkiblərinin və konteynerlərin istehsalına, istismarına və saxlanılmasına dair tələbləri müəyyən etmək;

dəmiryol nəqliyyatı infrastrukturunun ayrı-ayrı obyektlərinin, vahid istehsalat infrastrukturu şəbəkəsinin və qatarların istismarına, yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinə, eləcə də ümumi istifadədə olan dəmir yollarında yük işinin, daşımaların və qatarların hərəkətinin təşkilinə nəzarət etmək;

dəmiryol nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlər göstərilməsi ilə bağlı tələbləri təsdiq etmək, həmçinin ümumi istifadədə olan dəmiryol infrastrukturundan istifadə olunmaqla sərnişin və yük daşımalarının həyata keçirilməsinə nəzarət etmək;

dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin təşkilini və aparılmasını təmin etmək;

rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi) dair ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

dəmiryol nəqliyyatı infrastrukturunun, o cümlədən dəmiryol xətlərinin və inzibati binalarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, saxlanılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, yol təsərrüfatının cari saxlanılması üçün tədbirlər görmək.

Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

* * *

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 49-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, bu, Fərmana əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.

Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.

* * *

Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib.

Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” bəzi fərmanlarda dəyişiklik edilməsinə dair qanun imzalayıb.

Qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmanın mətnində deyilir:

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.20-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.7-ci bəndə “164.1.7-ci,” sözlərindən sonra “164.1.20-ci,” sözləri əlavə edilsin;

3.2. 1.47-ci bənd ləğv edilsin.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasına dair fərman imzalayıb.

Fins.az xəbər verir ki, sənədə 164.1.20-ci bənd əlavə edilib.

Həmin bəndə əsasən, Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən azad edilir.

Sənədə görə, sözügedən qərarı vermək səlahiyyəti Nazirlər Kabinetindədir.