RƏSMİ

02 Dekabr

GÜNDƏM: Prezident İlham Əliyev Qvineya-Bisau nümayəndə heyətini qəbul edib, BƏƏ və Laos prezidentlərini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğuladı.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunuldu, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edildi. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlandı, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirildi, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulandı.

Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkələrimiz arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olundu.

Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezident bildirdi ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Fins.az-ın məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarı Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubunda Laos Xalq Demokratik Respublikasının Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ürəkdən təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib:

“Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Dövlətimizin başçısı, həmçinin laoslu həmkarını Azərbaycana səfərə dəvət edib.

Prezident İlham Əliyev bu bayram günündə Thonqlun Sisulitə ən xoş arzularını çatdırıb, dost Laos xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

* * *

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində görüşüb.

Fins.az xəbər verir ki, bu barədə XİN “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, hazırda Ceyhun Bayramovla Karlos Pinto Pereira arasında təkbətək görüş keçirilir.

* * *

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ilə geniş tərkibdə görüş keçirib.

Fins.az xəbər verir ki, bu barədə XİN “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd edilir ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivlərini müzakirə ediblər.

Nazir Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.