RƏSMİ

25 Noyabr

GÜNDƏM:Prezident İlham Əliyev COP29 və Kəlbəcər barədə paylaşım edib, büdcə müzakirələri başlayıb, meşə təsərrüfatına zərər ödənişi qaydası dəyişib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib.

Fins.az paylaşımı təqdim edir:

"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu.

Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.

Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm".

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunmasının dördüncü ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fins.az xəbər verir ki, paylaşımda deyilir:

"Zəfər tariximiz – Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür.

#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan".

* * *

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Fins.az-ın məlumatına görə, iclasda dövlət və hökumət nümandələri, nazirlər də iştiak edir. 3 gün davam edəcək iclasın gündəliyinə 12 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

12. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

* * *

"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası"nda dəyişikliklər edilib.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.

Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.

Bu Qaydaya əsasən, meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

* * *

Bu gün Kəlbəcər Şəhəri Günüdür.

Fins.az-ın məlumatına görə, Kəlbəcər Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edilib.

Bu əlamətdar günün təsis edilməsi Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 25-i şəhərin erməni işğalçılarından azad edilməsində dörd il ötür.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil verilib.

Beləliklə, noyabrın 25-də işğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.