Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
* * *
Prezident İlham Əliyev “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi imzalayıb.
Fins.az xəbər verir ki, sənədə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:
kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.
* * *
Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.
Fins.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı Sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində - “Resmi Gazete”də dərc olunub.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və stimullaşdırılması, habelə ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.
Hökumətin qərarına əsasən, ÜTT-ə daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.
Qərar dərc edildiyi andan 30 gün sonra qüvvəyə minir.