BMT-nin qarşıdan gələn iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir.
Fins.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş yayımladığı videomesajda deyib.
Baş katib bildirib ki, COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni milli iqlim fəaliyyət planları təqdim edilməlidir:
"Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu, o deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün iqtisadiyyatı əhatə etməlidir - bütün sektorlarda irəliləyişə təkan verilməlidir. Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini yüksəltməlidirlər".
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin olunmalıdır: "COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir".
* * *
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qarşıdan gələn COP29-da özəl sektorun imkanlarını müzakirə etmək üçün Vaşinqtonda işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
“ABŞ Ticarət Palatası tərəfindən təşkil olunmuş dəyirmi masa iqlim maliyyəsinin artırılmasında özəl sektorun roluna və COP29 gündəliyinin həyata keçirilməsində işgüzar dairələrin fəal iştirakına həsr olunub”, - məlumatda bildirilir.
* * *
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib.
Bu barədə Fins.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, COP29 zamanı nəqliyyat məsələlərinin idarə edilməsini ziyarətçilər üçün asanlaşdırılmasına xidmət edən bu onlayn resurs əlverişli mövqelərdə yerləşən nəqliyyat qovşaqları, eləcə də tədbir və qonaqlama məkanları ilə bağlı əsas məlumatları ehtiva edir.
Nəqliyyat qovşaqları şəbəkəsi şəhərin əlverişli ərazilərini əhatə etməklə yanaşı, bir sıra marşrutları, eləcə də nəqliyyat sxemlərini özündə birləşdirir. Qovşaqlar nümayəndə heyəti və ziyarətçilərin yaşayış yerlərindən Bakı stadionuna getmələri, habelə marşrut avtobusları, metro xətləri/metro stansiyaları və taksilər də daxil olmaqla, bir sıra multimodal nəqliyyat vasitələrindən asan istifadə imkanını təmin edir.
Yeni istifadəyə verilmiş və COP29 veb-saytında yerləşdirilmiş rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanmışdır və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir.
İstifadəsi rahat olan bu elektron resurs COP29-un nəqliyyat qovşaqları şəbəkəsi, müvafiq marşrut avtobusu xətləri və “Aero Ekspress” avtobusları ilə sərnişindaşıma xidmətləri ilə yanaşı, Bakı Stadionu, o cümlədən Mavi və Yaşıl zonalar, Heydər Əliyev Beynəlxalq Aeroportu, əsas otellər və yaşayış kompleksləri arasında istiqamətləndirməni təmin edir. Buraya parklanma yerləri və avtobus dayanacaqları, eləcə də minmə və enmə nöqtələri haqqında məlumatlar da daxildir. İstifadəçilər rəqəmsal nəqliyyat xəritəsində müvafiq sahələri qeyd edərək təyinat nöqtələri arasında nəqliyyatla və ya piyada hərəkət üçün ən uyğun marşrutları seçə bilərlər.
Rəqəmsal nəqliyyat xəritəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin konfrans zamanı ziyarətçi axınını effektiv şəkildə idarə etmək üçün həyata keçirdiyi bir sıra tədbirlərdən biridir və COP29 müddətində həm qonaqlar, həm də şəhər sakinləri üçün rahat və komfortlu hərəkəti təmin edir. Sərnişindaşıma xidmətlərinin etibarlı şəkildə icrasını təmin etmək üçün həyata keçirilən digər tədbirlərə ekspress ictimai avtobuslar, konfrans üçün ayrılmış xüsusi marşrut avtobusları və hava limanına/hava limanından transfer xidmətləri də daxil olmaqla, yüzlərlə taksinin və 400-ə yaxın avtobusun istifadəyə verilməsi daxildir.
Qeyd edilib ki, bütün bunlarla yanaşı, Azərbaycan hökuməti 11-22 noyabr tarixlərində keçiriləcək konfrans zamanı akkreditə olunmuş iştirakçılara şəhər və aeroport avtobuslarından, eləcə də ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanı təqdim edir. Nümayəndə heyətləri üçün ödənişsiz marşrut avtobusu xidmətləri ilə yanaşı, ictimai nəqliyyatdan da pulsuz istifadə imkanı UNFCCC tələblərində nəzərdə tutulmasa da, tədbirə ev sahibliyi edən Azərbaycanın üstün səylərini bir daha nümayiş etdirir və COP29 zamanı nümayəndə heyətlərinin Bakıda bir neçə nəqliyyat növündən ödənişsiz istifadə etmələrinə şərait yaradır. Marşrut avtobusu xidmətləri və ictimai nəqliyyatdan (metropoliten, qatarlar və müntəzəm avtobuslar) ödənişsiz istifadə etmək üçün nümayəndələr UNFCCC-nin akkreditasiya və ya təsdiq məktubunu təqdim etməlidirlər. Konfransın nəqliyyat xidmətlərindən istifadə ilə bağlı bütün məlumatlar COP29-un rəsmi veb-saytında yerləşdirilib.
* * *
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.
Fins.az xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.
* * *
İqlim dəyişmələri mövzusunda məlumatlılığın artırılması, eləcə də ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə məsələlərinə töhfə vermək məqsədilə həyata keçirilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri açıqlanıb.
Bu barədə Fins.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, avqust ayının 1-də COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən dünya fotoqraflarını iqlim dəyişmələri ilə bağlı vizual hekayələr vasitəsilə qlobal dialoqa qoşulmağa dəvət etmək, aktual iqlim problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və aktiv maarifləndirməni dəstəkləmək məqsədilə elan edilən “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə layihəsi başa çatıb.
Bir aydan artıq davam edən layihəyə ümumilikdə 20-yə yaxın müxtəlif ölkədən fotoqraflar öz orijinal işləri ilə qoşularaq, iqlim dəyişmələrinin həyatımızın müxtəlif sahələrinə təsirlərini fərqli yanaşmalar ilə təsvir etməyə çalışıblar. Azərbaycanlı fotoqraflarla yanaşı, layihədə ABŞ, Almaniya, İspaniya, İtaliya, Polşa, Macarıstan, Rusiya, Hindistan, Argentina, Myanma, Nigeriya, Tacikistan, Nepal, İraq, Əfqanıstan kimi ölkələrdən olan istedadlı fotoqraflar iştirak ediblər.
Münsiflər heyəti tərəfindən müsabiqənin qaydaları və meyarlarına əsasən bir sıra müxtəlif kriteriyalar üzrə aparılan qiymətləndirmə prosesi nəticəsində layihənin qalibləri müəyyən olub. Beləliklə, myanmalı fotoqraf So Pyay Lynn “Çətin həyat” adlı fotosu ilə birinci, macarıstanlı fotoqraf Adam Fath “Quruyan gölün çiçəkləri” fotosu ilə ikinci, nigeriyalı fotoqraf Adebote Mayova isə “Makoko” əsəri ilə üçüncü yerə layiq görülüblər. Sözügedən fotoşəkillər iqlim dəyişmələrinin qlobal təsirlərini əks etdirməklə bu ortaq problemin həll yolları üzərində düşünməyə, onu daha dərindən dərk etməyə dəvət edir.
Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən, noyabr ayının 20-sində layihənin seçilmiş fotoşəkillərindən ibarət sərgi COP29 konfransı çərçivəsində Yaşıl Zonada yerləşəcək Azərbaycan pavilyonunda təşkil ediləcək. İqlim fəaliyyətinin dinamik mərkəzi olacaq COP29-un Yaşıl Zonasında bu ekspozisiyanın təşkili müsabiqə iştirakçıları və qaliblərinə öz əsərləri ilə ünvanlamaq istədikləri çağırışların qlobal auditoriyaya çatdırılması, eləcə də qarşılıqlı əlaqələrin qurulması və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.
* * *
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Asiya İnkişaf Bankının (ADB) rəhbəri Masasuqu Asakava Vaşinqtonda iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə ediblər.
Fins.az xəbər verir ki, bu barədə ADB rəhbəri "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
O qeyd edib ki, iqlimin maliyyələşdirilməsinin həcminin artırılması qlobal istiləşmənin səbəb olduğu artan iqtisadi problemlərin həllinin yeganə yoludur və Çoxtərəfli İnkişaf Bankları bu səylərə tam töhfə verməlidir.
“Vaşinqtonda COP29-un prezidenti Muxtar Babayevlə ADB-nin töhfələrini, o cümlədən 100 milyard dollarlıq iqlim maliyyəsi təşəbbüsünü, innovativ maliyyələşdirmə üsullarını və artan kredit imkanlarını müzakirə etdik”, - M.Asakava açıqlayıb.
O, həmçinin COP29 Sədrliyinin bu məsələlərə göstərdiyi diqqəti yüksək qiymətləndirib.
"Mən gələn ay Bakıda keçiriləcək COP29 görüşlərini səbirsizliklə gözləyirəm", - ADB rəhbəri əlavə edib.