Prezident İlham Əliyev COP-öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
Fins.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli nazirlər,
Xanımlar və cənablar,
Mən sizi Bakıda keçirilən Pre-COP29 tədbirində salamlayıram.
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir.
Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir.
Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.
Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.
Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı. Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.
COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.
Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə müvafiq olaraq COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən “İqlim Troykası” təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı daha da artır.
Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri qismində nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər.
COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP-u multilateralizm üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm.
Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.
Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olaram.
Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin əldə olunması ilə nəticələnəcək səmərəli müzakirələrin keçirilməsini arzulayıram.
* * *
Oktyabrın 10-da Bakıda COP29 öncəsi tədbiri keçirilir.
Fins.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.
Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Muxtar Babayev bildirib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə həll edici rol oynayacaq.
“Şəffaflıq çərçivəsi bizim kollektiv məsuliyyətimizi təmin edir. Fəxrlə deyə bilərəm ki, Bakı şəffaflıq platforması təqdim edirik. Artıq Afrikada, Mərkəzi Asiyada təlimlər keçmişik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
İqlim dəyişikliyi istiqamətində maliyyə cəlb etməliyik. Bu olmadan nailiyyət əldə etmək çətindir. Biz dayanıqlı inkişaf məqsədlərimizə uyğun olaraq investisiya planlarımızı qurmalıyıq. COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək üçün platformadır. Qarşımızdakı yol asan deyil. Lakin qətiyyətli, ambisiyalı olaraq dayanıqlı gələcək qura bilərik”,- deyə o bildirib.
Öz növbəsində, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd qeyd edib ki, COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir.
"Temperaturun daha da artması fəlakətlərə səbəb ola bilər. İnkişaf edən ölkələrin və beynəlxalq maliyyə institutlarının səsini ucaltmaqla nailiyyətlərə imza atmalı, maliyyə boşluğunu bərpa etməliyik.
COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir. Paris sazişinə üzv olan hər bir ölkə adaptasiya tədbirləri həyata keçirməlidir. Bütün tərəflərin vahid razılığa gəlmək niyyətini gördüm. Bu hədəflərimizə çatmağı mümkün edir. Zaman bu sazişə uyğun hərəkət etmə zamanıdır. Bakı bu məsələlərin həllinə təkan verəcək. Düşünürük ki, COP29 konkret nəticələr ortaya qoyacaq. BMT bu prosesə dəstək olmağa hazırdır",- deyə o bildirib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə ən vacib elementlərdəndir və hər bir ölkə öhdəliklərinə sadiq olmalıdır.
"COP29 bizə ambisiyalı bir məkan yaradır. Biz hər bir ölkə üzərində öhdəliyi artırmalıyıq. İqlim dəyişikliyi ilə bağlı olan bu öhdəliklər çox mühüm əhəmiyyət kəsb edir. Ölkələr artıq öhdəliklərinin icrasına başlayıb. Biz bunu təqdir edirik. Bütün tərəfləri birgə fəaliyyətə çağırıram.
COP29-da isə məqsəd bütün planların reallığa çevrilməsidir. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq",- deyə o bildirib.
Bundan əlavə, Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra qeyd edib ki, Aİ iqlim elminə geniş maliyyə dəstəyi təqdim edib.
"Xatırlatmaq istəyirəm ki, mövcud iqlim vəziyyətini dəyişdirməyə başlamaq üçün elmə əsaslanmaq son dərəcə vacibdir. Buna görə də, hər bir halda nə etməli olduğumuzu izah edəcək modelçilər və mütəxəssislərin iştirak etdiyi bir sıra layihələri maliyyələşdirdik", - o bildirib.
O, həmçinin bütün dünya üçün bu məsələdə hansı tədbirlərin görülməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
“Biz yalnız Avropa İttifaqı çərçivəsində bu ambisiyalı yolda irəliləməyə davam etməli deyilik, həm də əlimizdən gələni etdiyimizə əmin olmaq üçün həm burada, həm də dünyada bu məsələ üzrə çox yaxından çalışmalıyıq”, - Vopke Hoekstra qeyd edib.
* * *
Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra BMT-nin illik İqlim Konfransı ərəfəsində Azərbaycanda keçirilən COP29-öncəsi iclasda iştirak edəcək.
Fins.az Avropa İttifaqınının Bakı ofisinə istinadən məlumat verir ki, oktyabrın 10 və 11-də Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Bakıda keçiriləcək COP29-öncəsi iclasda iştirak edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) cəmi bir ay (11-22 noyabr) qaldığı bir vaxtda belə bir görüşün təşkil edilməsi iqlim maliyyələşdirməsi, beynəlxalq karbon bazarları, iqlim dəyişikliyinə uyğunlaşma və qalıq yanacaqlardan keçidin sürətləndirilməsi ilə bağlı COP28-in öhdəliklərinin yerinə yetirilməsi daxil olmaqla müzakirələrin intensivləşdirilməsi və COP29-un uğurla yekunlaşmasına zəmin yaratmaq üçün rəsmi danışıqların başlanmasından əvvəl dünyanın müxtəlif ölkələrindən nazirlərin bir araya gəlməsi üçün əsas fürsətdir.
Bu gün Komissar Hoekstra “COP29-a gedən yol” mövzusunda plenar müzakirədə və gün ərzində iqlim dəyişikliyinin təsirinin azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma, itki və zərər və iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfinə (YKKH) yönəlmiş üç seksiya iclasında iştirak edəcək. Aİ Şurası bu həftə iqlim maliyyələşdirilməsinə dair nəticələri təsdiqləmişdir və Aİ-nin COP29 üzrə danışıqlar mandatının oktyabrın 15-də Ətraf Mühit Şurasının iclasında razılaşdırılacağı gözlənilir. Komissar həmçinin gələn il üçün milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti mərhələsinin hazırlanması və onların Paris Sazişinin qlobal temperatur artımının 1,5°C-dək məhdudlaşdırılması məqsədi ilə uyğunlaşdırılmasına həsr edilmiş "Missiya 1,5 üçün yol xəritəsi" mövzusunda panel müzakirəsində giriş nitqi ilə çıxış edəcək.
Komissar həmçinin BMT Baş katibinin müavini və BMT-nin dayanıqlı İnkişaf Qrupunun sədri Amina C. Mohammed, Misirin Ətraf Mühit Naziri Yasmin Fuad, Fransanın Ekoloji Keçid, Enerji, İqlim və Risklərin Qarşısının Alınması naziri yanında enerji məsələləri üzrə nazir-nümayəndə Olqa Jiverne, Sinqapurun Davamlı İnkişaf və Ətraf Mühit Naziri, Qreys Fu ilə ikitərəfli görüşlər keçirəcək. Axşam o, COP29 Rəyasət Heyətinin təşkil etdiyi nazirlər üçün şam yeməyində iştirak edəcək.
Cümə günü Komissar Hoekstra Paris Sazişinin 6-cı maddəsinə əsasən karbon bazarlarının potensialının kəşf edilməsi və Paris Sazişi üzrə ilk qlobal xülasənin nəticələrinin həyata keçirilməsinə həsr edilmiş plenar müzakirələrdə iştirak edəcək. O, həmçinin gün ərzində Almaniyanın Dövlət Katibi və Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Elçisi Cennifer Morqan; Cənubi Afrikanın Meşə, Balıqçılıq və Ətraf Mühit Naziri Dion Corc; və Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ilə ikitərəfli görüşlər keçirəcək.
* * *
2024-cü il oktyabrın 8-də UNESCO Baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat keçirilib.
Fins.az xəbər verir ki, 100-dən çox ölkənin UNESCO yanında Daimi Nümayəndəlikləri olmaqla ümumilikdə 300-dən çox iştirakçı ilə baş tutan tədbir UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottonenin və Ekologiya və Yer elmləri sektorunun direktoru, İnsan və Biosfer Proqramının Katibi Antonio Abrenin açılış nitqləri ilə başlayıb.
Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan-UNESCO münasibətlərindən, mədəniyyətin iqlim fəaliyyətindəki rolu və mövzunun qlobal gündəliyə daxil edilməsinin önəmindən bəhs edib. F. Cəfərov, həmçinin, COP29 çərçivəsində 15 noyabr tarixində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupunun (GFCBCA) həmsədrləri qismində BƏƏ və Braziliya Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu ilə bağlı məlumat verib.
Ernesto Ottonenin moderatorluğu ilə davam edən tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən Culture for Climate (C4C) təşəbbüsü barəsində video-çarx nümayiş etdirilib, təqdimat olub. Təqdimat zamanı davranış mədəniyyətinin iqlim dəyişmələrinə qarşı yönələn fəaliyyətlərdə oynadığı zəruri rol və bu istiqamətdə görüləcək layihələri əhatə edən 1 illik fəaliyyət planı barədə ətraflı məlumat verilib.
Daha sonra GFCBCA həmsədrləri qismində BƏƏ və Braziliyanın UNESCO yanında Daimi Nümayəndələri Azərbaycana mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətlərinə görə təşəkkür edərək C4C təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Sonda isə tədbir iştirakçılarını noyabrda Bakıya gəlməyə dəvət ediblər.
Tədbir sual-cavab sessiyası və nazir müavinin bağlanış nitqi ilə sona çatıb.
* * *
Pre-COP çərçivəsində “Bakıdan Belemə (B2B) İqlim Tərəfdaşlığı” (Memorandum of Understanding on the "Baku to Belem (B2B) Climate Partnership") üzrə Anlaşma Memorandumu imzalanıb.
Fins.az xəbər verir ki, bununla bağlı saziş Azərbaycan və Braziliya arasında imzalanıb.
Sazişə Azərbaycan tərəfindən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya tərəfdən Braziliya xarici işlər nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andrea Korera do Laqo imza atıblar.
B2B Təşəbbüsü Azərbaycanda keçiriləcək COP29 və Braziliyada keçiriləcək COP30 arasında qlobal iqlim fəaliyyətini inkişaf etdirmək, dayanıqlı inkişafı təşviq etmək və COP29-dan COP30-a əməkdaşlığı gücləndirmək üçün vacib əməkdaşlıq qurub.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans, yəni Pre-COP29 keçirilir.
Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək" devizi altında keçirilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
* * *
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üzrə media akkreditasiya portalını istifadəyə verib.
Fins.az xəbər verir ki, bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil və idarə ediləcək, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə innovasiyalar və potensial həllər üzrə dinamik mərkəz olacaq Yaşıl Zonaya media nümayəndələrinin akkreditasiyası açıq elan edilib. Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə 9 oktyabr tarixindən etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə 30 oktyabr, saat 23:00 (GMT+4) olaraq təyin edilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəfindən idarə edilən, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona ilə yanaşı Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasına malik olmaqla iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək. Belə ki, Yaşıl Zona üzrə akkreditasiyadan keçən jurnalistlər bir sıra müxtəlif tədbirlərə qatılmaq, iqlim fəaliyyətində aktiv iştirak edən qurum, şirkət və simalarla birbaşa əlaqə yaradaraq eksklüziv kontentlə çıxış etmək imkanı qazanacaqlar.
Akkreditə olunmuş media nümayəndələri, həmçinin Yaşıl Zonada media fəaliyyətinin operativ və səmərəli təşkili üçün qurulan Media Mərkəzi və müvafiq digər infrastruktur və texniki imkanlardan yararlana biləcəklər.
Qeyd edək ki, media akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası prosesi ilə bağlı tələblər və digər ətraflı məlumatın əldə edilməsi üçün COP29 rəsmi veb-saytında mövcud müvafiq bölməyə keçid edilə bilər. Akkreditasiya müraciətləri ilə bağlı əlavə dəstək və ya sorğularla bağlı [email protected] elektron ünvanı vasitəsilə ilə əlaqə saxlanılması xahiş olunur.