RƏSMİ

08 Oktyabr

GÜNDƏM: Prezident İlham Əliyev MDB Zirvəsində - Şuşaya Daha 16 Ailə Qayıdır, Bakıda Təhsilin İnkişafı Forumu Başlayıb

Oktyabrın 7-də Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

* * *

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Fins.az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 16 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.

* * *

Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Fins.az xəbər verir ki, Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.