RƏSMİ

24 Sentyabr

GÜNDƏM: Prezident İlham Əliyevin Son Fəaliyyətləri: Sərgilər, Sərəncamlar və İdman İnkişafı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncama əsasən, hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

Hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

Hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli sərəncamı ləğv edilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub.

* * *

Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib.

Bu nəzərə alınaraq o, tutduğu vəzifədən azad edilib.

* * *

Şuşa şəhərində "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" seminarı çərçivəsində "Dini radikalizmlə mübarizə və media" mövzusunda sessiya keçirilib.

Fins.az xəbər verir ki, sessiyanın moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov olub. O, onlayn mediada dini radikalizmin aktivləşməsi ilə mübarizənin vacibliyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Azərbaycanda medianın azad olduğunu qeyd edərək, dinin həssas bir məsələ olduğunu bildirmişdir. O, jurnalistlərin dini savadlılığının media məqalələrinin keyfiyyətini artıracağını vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov isə dini inanclardan istifadə edərək Azərbaycana təsir cəhdlərinin hüquqi müstəvidə qarşısının alındığını qeyd edib. O, dini radikalizmlə mübarizənin ən effektiv silahının maarifləndirmə olduğunu bildirib.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi Natiq Mirzəyev, dini ekstremizmə yanaşmada medianın fəaliyyətinin dövlət orqanları tərəfindən nəzarət edildiyini qeyd edib. O, medianın dini məsələlərlə bağlı zərərli məlumatların yayılmasının qarşısını almaq üçün maarifləndirilmasının vacibliyini vurğulayıb.

Sessiya müzakirələr və sual-cavab formatında davam edib. Seminarın növbəti sessiyasında "Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları" mövzusuna həsr olunacaq.

Seminar, iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.

* * *

AFFA 2024/25 Region Liqasında “Xankəndi” klubunun iştirakını təsdiqləyib.

Fins.az xəbər verir ki, komanda ev oyunlarını hələlik eyniadlı şəhərdə keçirməyəcək.

“Xankəndi” bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək. Qarşıdakı günlərdə klubun heyəti və baş məşqçisi barəsində məlumat veriləcək.

Qeyd edək ki, komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.

* * *

Azərbaycan yeni snayper silahları istehsal edib.

Fins.az xəbər verir ki, snayper silahları ilk dəfə ADEX sərgisində nümayiş olunur.

Məlumata görə, çəkisi 3.8 kq və güllə tutumu 10 ədəd olan bu silahların 1100 metr atış məsafəsi var.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib