İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2023-cü ili 641 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 19,7% azalma deməkdir. Şirkətin maliyyə hesabatına əsasən, əməliyyat gəlirləri 5,781 milyon manat təşkil edib, bu da əvvəlki ildən 8,5% çoxdur. Eyni dövrdə əməliyyat xərcləri 4,946 milyon manat olub ki, bu da 15,5% artımı göstərir. Mənfəət vergisi ödəmələri isə 195 min manat olub, bu da 21,7% azalma nümayiş etdirir.
Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin aktivləri 1,526 milyon manat təşkil edir, bu da illik müqayisədə 26,4% azalma deməkdir. Şirkətin öhdəlikləri 573 min manata düşərək 38,3% azalıb, balans kapitalı isə 953 min manat olub, bu da 16,6% azalma nümayiş etdirir.
2007-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC malın mənşə ölkəsinin müəyyən edilməsi, satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi, həmçinin “Bir pəncərə” prinsipi əsasında uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətləri göstərir. Şirkətin nizamnamə kapitalı 1 min manatdır.