Azərbaycan, 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına qədər dünya ölkələrini İkiillik Şəffaflıq Hesabatlarını (BTRs) təqdim etməyə çağırır.
Fins.az xəbər verir ki, bu barədə COP29 prezident Muxtar Babayevin iqlim dəyişikliyi üzrə konfransın tərəflərinə ünvanladığı məktubda qeyd edilib.
M.Babayev, hər bir ölkənin başlanğıc şərtlərini nəzərə alaraq, BTRs-in erkən təqdimatının kollektiv şəffaflıq öhdəliyinin güclü nümayişi olacağını vurğulayıb.
O, COP29 sədrliyinin davamlı siyasi qarşılıqlı əlaqəni təmin etmək və əməkdaşlığı gücləndirmək məqsədilə qətiyyətli addımlar atdığını, beləliklə tərəflərin şəffaflıq üzrə kollektiv öhdəlikləri yerinə yetirə biləcəyini qeyd edib. Şəffaflığın artırılmasına təkan vermək məqsədilə 3 sentyabr 2024-cü il tarixində yüksək səviyyəli dialoq keçiriləcək. Bu tədbirdə COP29 sədrliyi, İqlim sahəsində Şəffaflıq üzrə Bakı Qlobal Platformasının icrasının başlandığını rəsmi olaraq elan edəcək.
M.Babayev xatırladıb ki, COP29 sədrliyinin baxışı iki paralel və bir-birini tamamlayan sütun ətrafında cəmlənib: ambisiyaları artırmaq və fəaliyyətlərin stimullaşdırılması, xüsusilə iqlim maliyyəsi prioritetlər arasında yer alır.