RƏSMİ

30 Avqust

İqlim dəyişikliyi "Risk Multiplikatoru" kimi rol oynayır - ATƏT-in baş katibi Helqa Şmid

İqlim dəyişikliyi dövrümüzün həlledici problemidir və ATƏT onunla bağlı riskləri həll etmək üçün unikal mövqeyə malikdir.

Fins.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində ATƏT-in baş katibi Helqa Şmid deyib.

O, iqlim dəyişikliyinin yaratdığı çoxşaxəli təhlükələrlə mübarizə aparmaq, konkret tədbirlər görmək üçün region ölkələrini bir araya gətirməkdə təşkilatın rolunu vurğulayıb.

Baş katib qeyd edib ki, iqlim dəyişikliyi “risk multiplikatoru” rolunu oynayır və regionda mövcud problemləri daha da gücləndirir.

“Bir çox ölkələrdə fiziki mövcudluğumuz sayəsində ATƏT bütün regiondan olan ölkələri bir araya gətirmək və bu çağırışların öhdəsindən gəlməyə kömək etmək və konkret tədbirlər görmək üçün unikal mövqedədir”, - baş katib deyib.

Bunun son nümunəsi ATƏT-in təşəbbüsü ilə 2024-cü ilin martında Mərkəzi Asiyanın ətraf mühit nazirləri ekoloji problemlərin həllinə birgə yanaşmaları müzakirə etmək üçün Aşqabadda toplaşdıqda həyata keçirilib.

O, ATƏT-in fəaliyyətinin iqlim dəyişikliyinin əhatə dairəsi və təsirləri haqqında məlumatlılığı artırmaqla onun yaratdığı potensial təhlükəsizlik risklərini həll etmək məqsədi daşıdığını izah edib. Təşkilat hökumətlər, ekspertlər və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edərək onların bu çağırışlara uyğunlaşma bacarıqlarını gücləndirir.“Biz həmçinin, bu biliklərin sərhədlər vasitəsilə ötürülməsinin qayğısına qalırıq”, - Şmid vurğulayıb.

Onun sözlərinə görə, ATƏT-in Mərkəzi Asiyada fəaliyyətinin mühüm sahələrindən biri iqlim təhlükəsizliyi sahəsində “qaynar nöqtə” hesab edilən yüksək dağlardır. Bu dağlar bütün bölgəni su ilə təmin edən həyati vacib ekosistemlərdir. Bu prioriteti həll etmək üçün ATƏT buzlaqların monitorinqi və fəlakət riskinin azaldılması kimi təşəbbüslər vasitəsilə yerli əhalinin davamlı dolanışıq vasitələrinin təmin edilməsinə xüsusi diqqət yetirməklə ölkələr arasında əməkdaşlığın artırılması üzərində işləyir. Bu iş “Qırğızıstanın Dağ Bölgələrinin İnkişafı üzrə Beşillik Fəaliyyət Planı” və Tacikistanın 2025-ci ilin “Beynəlxalq Buzlaqların Mühafizəsi İli” elan edilməsi üzrə BMT tərəfindən təsdiq edilmiş təşəbbüsü kimi səyləri tamamlayır.

O qeyd edib ki, COP29 yaxınlaşdıqca, ATƏT iqlim təhlükəsizliyi məsələlərində iştirakçı - dövlətlərlə əlaqə saxlamağa davam edir.

Şmid həmçinin, təşkilatın artan fəallığını vurğulayaraq, ATƏT-in COP28-də müşahidəçi statusu aldığını, Mərkəzi Asiya pavilyonu dəstəklədiyini və regional əməkdaşlıq və iqlim təhlükəsizliyi ilə bağlı tədbirə ev sahibliyi etdiyini qeyd edib.

Qeyd edək ki, iyul ayında baş katib Azərbaycanın COP29-un sədri kimi prioritetlərini müzakirə etmək və ATƏT-in iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə bundan sonra necə töhfə verə biləcəyini araşdırmaq üçün Bakıya səfər edib.

“COP29 bu ilin ən əlamətdar tədbirlərindən biri olacaq və buna görə də biz iqlim və təhlükəsizliklə bağlı öz nəticələrimizi və təşəbbüslərimizi təqdim edərək orada iştirak etməyi planlaşdırırıq”, - Xelqa Şmid əlavə edib.