RƏSMİ

30 Avqust

Şahin Mustafayev Özbəkistanda Əfqanıstanın baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb

Avqustun 29-u Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevi Özbəkistana səfəri zamanı Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

İki ölkə arasında ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

“Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.