RƏSMİ

29 Avqust

Parlament seçkilərinin nəticələrinin açıqlanma vaxtı məlum oldu - MSK

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərinin nəticələrinin açıqlanma vaxtı ilə bağlı məlumat verib.

Fins.az-ın məlumatına görə, bu gün keçirilən iclasda Pənahov qeyd edib ki, səsvermə günü ilkin nəticələri operativ şəkildə təqdim etməyə çalışacaqlar.

"Bu seçkilərdə də ilkin nəticələri həmin gecə çatdırmağa çalışacağıq. Bu ilkin nəticələr olacaq, yekun nəticələr deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək", - deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.