RƏSMİ

30 İyul

2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi - Maliyyə Nazirliyi

Beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədi (Mid-Year Review) 2024-cü ilin ilk altı ayında makoiqtisadi mənzərəni, dövlət və icmal büdcələrinin icrasına dair məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri, eləcə də neft qiymətinin dəyişməsinin büdcə göstəricilərinə və valyuta ehtiyatlarına mümkün təsirlərinin təhlilini ehtiva edir.

Bu barədə Fins.az-a Maliyyə Nazirliytindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin birinci yarımilliyində müsbət iqtisadi artım dinamikası, maliyyə intizamının və fiskal inzibatçılığın gücləndirilməsi, həmçinin beynəlxalq enerji bazarlarında formalaşan əlverişli qiymət konyukturu büdcə göstəricilərinə müsbət təsir göstərib, dövlət  büdcəsinin  gəlirləri proqnozu 11,2 faiz, qeyri-neft/qaz gəlirləri isə 18,7 faiz üstələyib. Eyni  zamanda, dövlət büdcəsinin xərcləri yarımillik proqnoza qarşı 16,7 faiz çox icra olunub, dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin və büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmələr xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

İlin ötən dövrü üzrə müşahidə olunan makro-fiskal tendensiya, həmçinin cari ilin aprel ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə edilmiş dəyişikliklər dövlət büdcəsinə əlavə daxil olmaların proqnozlaşdırılmasına əsas verib. Bu vəsaitlər ölkə rəhbərinin müəyyən etidiyi prioritet istiqamətlər (ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və s.) üzrə zəruri olan bir sıra əlavə tədbir və layihələrin maliyyələşdirilməsinə imkan yaratmaqla 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD Qanunu ilə təsdiqlənib. Büdcəyə yenidən baxılması  zamanı yenilənmiş  büdcə parametrləri  ilin  sonuna  olan  gözləntilər kimi qəbul edilib.

Beləliklə, hazırki sənəd 2024-cü ilin ilk altı ayında makoiqtisadi mənzərəni, dövlət və icmal büdcələrinin  icrasına dair məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri, eləcədə neft qiymətinin dəyişməsinin büdcə göstəricilərinə və valyuta ehtiyatlarına mümkün təsirlərinin təhlilini ehtiva edir.

Sənəd və əlavələri ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər

Fuad Mədətov
Fins.az