Azərbaycan Respublikasıın Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib.
Maliyyə Nazirliyindən Fins.az-a verilən məlumata görə, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
- Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər:
Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması;
Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır. Belə ki, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3,0 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir.
- 2024-cü ilin yanvar-aprel aylarının makro-fiskal nəticələri və yenilənmiş makroiqtisadi proqnozlar
2024-cü ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır.
Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 9,9 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 6,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 3,7 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 2,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bununla yanaşı, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
2024-cü ilin yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir. Belə ki, 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etmişdir.
Dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyini nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənmişdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilmiş, neftin bir barrelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilmişdir. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
- Əlavə vəsaitə təlabat və onun maliyyə təminatı
Zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir.
Dövlət büdcəsinin 3796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur:
əlavə qeyri-neft gəlirləri – 1300,0 milyon manat;
əlavə neft gəlirləri – 605,0 milyon manat;
Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar – 250,0 milyon manat;
“Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri - 25,0 milyon manat;
dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü – 851,8 milyon manat.
dövlət büdcəsinin kəsirinin böyüdülməsi - 764,3 milyon manat;
- Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirləri
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat (8,8 faiz) çoxdur.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcəkdir.
Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6400,0 milyon manatı və ya 17,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 faizi neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10690,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800,0 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6400,0 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500,0 milyon manat və ya 8,5 faiz çoxdur.
Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250,0 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) isə 25,0 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.
- Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,0 faizi həcmində və ya 23024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2756,3 milyon manat və ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3307,1 milyon manat və ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcəkdir.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaqdır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1390,3 milyon manata qarşı 1750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.
- Dövlət büdcəsinin kəsiri
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılır. Kəsirin artımının 600,0 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.
- Yenidən baxılma ilə 2024-cü il icmal büdcənin əsas parametrləri
Yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43480,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur.
İcmal büdcənin xərcləri 45591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5258,5 milyon manat və ya 13,0 faiz çoxdur.
İcmal büdcə 2111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1267,0 milyon manat və ya 37,5 faiz azdır.
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2036,0 milyon manat və ya 16,9 faiz artaraq 14109,2 milyon manat məbləğində nəzərdə tutulur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12866,7 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 30,0 milyon manat (0,4 faiz) artırılmaqla 6949,9 milyon manat təşkil edəcəkdir.
İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 38,9 milyon manat (1,4 faiz) artırılmaqla 2850,3 milyon manat təşkil edəcəkdir.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri təsdiq olunmuş məbləğdə, yəni 238,0 milyon manat proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcəkdir.
Eyni zamanda ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaqdır. Bu səbəbdən dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə verilən dotasiyanın məbləği 6,8 milyon manat azaldılmışdır.
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Fuad Mədətov
Fins.az