RƏSMİ

19 Aprel

Hesabalama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərin və xərclərinin auditinin aparılması məqbul hesab olunur

Hesabalama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərin 95.4%, xərclərinin isə 77.6%-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edirik.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac vardır:

"Fikrimizcə, nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq.

Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirəlayiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir.

Bunu üçün müəyyən marifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq. Hesabatda 2023-ci ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirilib”.

Fuad Mədətov
Fins.az